Metronun “Nizami” stansiyasının qarşısında bir lövhə asılıb, yolum ordan düşəndə qarşısında dayanıb, ora göz gəzdirirəm.
 
Oxşar lövhələrə bütün polis idarələrində rast gəlmək mümkündü. Üzərinə də iri hərflərlə “onları polis axtarır” yazırlar. Hansısa cinayət əməlini törədib, polisdən gizlənənlərin şəkillərini həmin lövhələrə vururlar ki, görənlər-tanıyanlar polisə məlumat verməklə cinayətkarların tutulmasında asayiş keşikçilərinə yardımçı olsunlar.
 
Hərgah ki, bizim millətin nəyi olmasa da, polislə bu cür əməkdaşlıq edənlərə yaxşı baxmırlar. Kimsə polisə hansısa məlumatı ötürsə, onlarla işbirliyi etsə, həmin adamın adının qarşısına bir “suka” damğası da yapışdırılır. Nə deyək, bu da cəmiyyətimizin xüsusiyyətlərindən biridi. Görünür, elə bu səbəbdəndi ki, axtarışda olanların bəzilərinin şəkilləri elə həmin löhvələrdə saralara-sarala qalır. İctimayyətdən dəstək olmadığından polislərimiz də qaçıb-gizlənən təhlükəli cinayətkarları illərlə tapa bilmirlər. Axtarışda olanların şəkilləri orda saralır, özləri də hardasa adlarını və sənədlərini dəyişdirib, günlərini keçirirlər.
 
Həmin lövhələr “Xəzər Lənkəran”ın başına gələnlərdən sonra yadıma düşdü. Cənub klubunun rəsmiləri mayın sonunda dincəlmək, ağır mövsümün yorğunluğunu canlarından çıxarmaq üçün evlərinə yola saldığı legionerlərindən ikisini tapa bilmir. Klubun mətbuat xidməti vasitəsiylə onların şəkilləri idman saytlarında və qəzetlərdə dərc olunub, lakin Etame Mbillayla Sadio Tounkaranı “gördüm” deyən yoxdu. Belə getsə, afrikalı futbolçular heç Sloveniya toplanışında da “gəmiçilərə” qoşulmayacaqlar. Bunu yaxşı anlayan “Xəzər Lənkəran” rəsmiləri polisə (oxu: FİFA-ya) müraciət etməyə məcburdu. Çox güman ki, yaxın günlərdə Lənkəran Şəhər Polis İdarəsinin binasının qarşısında (oxu: FİFA-nın Cenevrədəki qərərgahı qarşısında) Mbillayla Tounkaranın şəkilləri asılacaq və lövhənin yuxarı tərəfinə “onları “Xəzər Lənkəran” axtarır” yazılacaq.
 
Adamın ağlına min cür fikir gəlir. Gedər-gəlməzə yollanan bu iki futbolçu afrikalı yox, braziliyalı olsaydı, heç narahatçılıq keçirməzdik. Başa düşərdik ki, ərköyün sambaçıların şıltaqlığı tutub, vətənlərindəki mundialı sona qədər izləmək, ölkələrinin yığmasına dəstək vermək, eləcə də Rio çimərliklərinin qumuna uzanıb, daha da qaralmaq fikrinə düşüblər. Di gəl ki, Tounkarayla Mbillanın vətəni Braziliya yox, Afrikadı. Bəlkə, “ağ-yaşıllar”ın düşərgəsində irqçiliyə meyilli adamlar olub, kimsə qaradərili futbolçuların xətrinə dəyib, sonra onların könlünü alan tapılmayıb?! Onlar da küsüb, telefonlarını söndürüblər ki, qoy günahkarlar cəzalansın, səhvlərinə görə üzr istəsinlər, ayağımıza gəlib yalvarsınlar, sonra da biz komandanın toplanışına qatılarıq.
 
Vəziyyət qarışıqdı, gümanlar çox, həqiqəti bilənsə yox. Sanki taleyin istehzasıdı. İndiyə qədər “Xəzər Lənkəran”ın başbilənləri futbolçularının başına min oyun açırdılar. Kimisi mövsümün ortasında klubdan qovulurdu, başqa birisinin son 3-4 aylıq məvacibi verilmirdi, digəri transfer vərəqini almaq üçün aylarla klubun ofisində süründürülürdü. İndi isə çərxi-fələk tərsinə dövran edir. Onsuz da Oğuz Çətinə lazım olmayanlar bir-birinin ardınca yola salınır. İş ondadı ki, Tounkarayla Mbilla ötən mövsüm heyətdə yer alanların arasında az-çox seçilənlər idi. Bunu yaxşı bilən klub rəsmiləri də əl-ayağa düşüb, onların “qaçışını” əngəlləmək arzusundadılar. Ya afrikalılar maddi baxımdan daha sərfəli təklif alıblar, ona görə də “Xəzər Lənkəran”a arxa çeviriblər, ya da həqiqətən də onların başına hansısa xoşagəlməz hadisə gəlib, imkan tapıb, gözü yolda qalanlara xəbər verə bilməyiblər. Təki bu komediyanın sonu hər iki tərəf üçün yaxşı qurtarsın. Öz aramızdı, atalarımız belə yerdə yaxşı deyiblər: “Nə tökərsən aşına, o da çıxar qarşına”.
Shares: