Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynovun "Bakı"dan ayrıldıqdan sonra "İnter"ə keçəcəyi gözlənilirdi. Lakin futbolçu son anda qərarını dəyişərək "Qəbələ"yə üz tutdu.
Futbolinfo.az xəbər verir ki, onun "İnter"ə transfer olunmamasının səbəblərindən biri də "bankirlər"in yarımmüdafiəçisi Elvin Məmmədov olub. Belə ki, Cavid onunla eyni mövqedə oynayan Məmmədovla yenidən rəqabət aparmaq istəməyib. Bunu saytımıza açıqlamasında Hüseynovun özü bildirib:
"Bildiyiniz kimi, "Qəbələ"yə keçməyi son anda qərarlaşdırdım. Buna görə də peşman deyiləm. Yaxşı komandamız, məşqçi heyətimiz var. Hər bir şeydən çox razıyam. Elvin Məmmədov mənim qardaşımdı. Onunla "Bakı"da da eyni mövqedə oynamışıq. Onunla rəqabətimiz olub. Ancaq istəmədim ki, bu yenə təkrarlansın. Mənim üçün pul amili heç vaxt seçimimdə rol oynamır. "İnter" də eyni məbləği təklif edirdi. İstəsəz, bunu öyrənə bilərsiz. Pul amilinə görə "Qəbələ"ni seçdiyim deyiləndə əsəbləşirəm".