"Bakı"nın süqutu reallaşır. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın növbəti mövsümdə iştirak etməyəcəyi dəqiqdi.
Maliyyə problemlərindən heç cür qurtula bilməyən paytaxt komandasını artıq Əzrayilin caynağından almaq mümkünsüzdü. Klub rəhbərliyi ictimaiyyətə, futbolçulara vəziyyətin düzələcəyi ilə bağlı vəd versə də, zaman keçdikcə bunun yalandan başqa bir şey olmadığı göz qarşısındadı.
Artıq bu duruma ölkənin ali futbol qurumu olan AFFA da göz yummur. Çünki "Bakı"nın növbəti mövsümdə Premyer Liqada mübarizə aparması üçün maliyyə mənbəsini göstərməsi də vacibdi. Belə bir mənbə olmadığı üçün futbol qurumu paytaxt klubunu başqa biri ilə əvəzləməyə məcburdu.
Heyətdəki oyunçulara verilən vədin vaxtı çoxdan başa çatıb. Cavid Hüseynovun “Qəbələ”yə keçidi də artıq rəhbərliyin onları saxlamaq gücündə olmamasının göstəricisidi. Rauf Əliyevlə Əfran İsmayılov da tezliklə yeni komandasına qovuşacaq. Bu durumda legionerlər də klubdan ayrılacaq. Komandanın təlim-məşq toplanışına başlaya bilməməsi isə vəziyyətin ümidsiz olmasına işarədi. Bir neçə gün öncə klubun dağıldığını və bunun tezliklə açıqlanacağını bildirmişdik. Artıq bütün bu proseslər reallaşmaq üzrədi. Klub rəhbərliyi hər nə qədər vədlər versə də, həqiqət başqadı. Gələn həftə yeni mövsümün püşkü atılacaq və həmin vaxta kimi də bütün məsələlərə son qoyulacaq.
Əldə etdiyimiz bilgiyə görə, son mövsümü sonuncu pillədə başa vuraraq birinci diviziona düşən "Rəvan" Premyer Liqaya qaytarılacaq. "Sarı-qırmızılar"ın elitada çıxış etməsi üçün lisensiya alması prosesi reallaşdıran amillərdən biridi. Çünki “Rəvan”dan başqa heç bir divizion klubunun elitada çıxış etməyə imkan verən lisenziyası yoxdu və bu üzdən də AFFA yalnız bakılılara belə şərait yarada bilər.
Bizdə olan bilgiyə görə, artıq “Rəvan”a hazırlaşması üçün xəbərdarlıq edilib. Düzdü “aslanlar”ın rəsmiləri bu barədə heç bir xəbər almadıqlarını deyir, “Bakı” tərəfi isə çempionatda yarışacaqlarını bildirir. Ancaq əsl həqiqətin necə olduğunu qarşıdakı günlərdə görəcəyik. Çünki “Bakı”nın yalanları 2014-cü il başlayandan yalan olaraq qalmaqdadı.
EMİN SƏFƏROV