"Bakı"nın vəziyyəti ağır olaraq qalır. Futbolinfo.az xəbər verir ki, komandanın vəziyyətinin düzələcəyinə dair klubun prezidenti Hafiz Məmmədov yeni vəd verib.
Belə ki, Məmmədov 2-3 günə bütün məsələlərin öz müsbət həllini tapacağını qeyd edib. Bu barədə saytımıza açıqlamasında klubun icraçı-direktoru Yaşar Seyidov bildirib:
"Haırda 2014/15 mövsümünə hazırlaşırıq. Klubun prezidenti Hafiz Məmmədov yaxın 2-3 gün ərzində klubun probleminin həll olunması ilə bağlı öz qərarını verib. Futbolçulara da məsələnin 2-3 günə həll olunacağı izah olunub. Rauf Əliyevlə Əfran İsmayılovun müqavilə şərtləri 2 günə həll olunmasa, azad agent statusu alıb, başqa komandaya keçəcək".
Klub prezidentinin bundan əvvəl verdiyi vədlərin boşa çıxdığını nəzərə alsaq, növbəti dəfə məsələnin öz müsbət həllini tapacağı da real görünmür. Bunun üçün də növbəti mövsümdə "Bakı"nı elitada "Rəvan"ın əvəzləyəcəyi iddia olunur. Seyidov isə məsələyə tamam fərqli münasibət bildirdi:
"Bunu futbolu bilmiyən adamlar deyir. Siz bu şayələrə inanmayın. Bütün bunlar küçə söhbətləridi. Futbolun öz qayda-qanunları var. AFFA-nın prezidenti öz sözünü deyib. Rövnəq Abdullayev bütün çıxışlarında çempionatda iştirak edəcək komandalar haqda öz fikirlərini bildirib. Ona görə də hər hansı bir şayiəyə diqqətlə yanaşın. Premyer Liqada çıxış edən klublar artıq bəllidi. Hansısa klubun digəri ilə əvəzlənməsi qeyri-mümkündü. Biz bu günlərdə ən çox dəstəyi, ən çətin vaxtlarmızda yanımızda olan AFFA-ın prezidenti Rövnəq Abdullayev və onun katibi Elxan Məmmədovdan, o cümlədə Peşəkar Futbol Liqasından almışıq. Bizim bütün görüşlərimiz müsbət yekunlaşıb. Bu gün "Bakı" futbol klubu ilə federasiya arasında münasibətlər çox yüksək səviyyədədi. Ona görə düşünürəm ki, bizim klubla bağlı bütün məsələlər yoluna qoyulacaq və heç bir problem olmayacaq".
"Başqa bir şəxs komandanı öz himayəsinə götürə bilərmi" sualına isə Seyidov belə cavab verdi: "Bakı" klubu hazırda öz məşqlərini davam etdirir. Biz ölkə çempionatına hazırlaşırıq. Düşünürəm ki, çox yaxın zamanda bu məsələlər öz həllini tapacaq. Təlim-məşq toplanışına getmək üçün vaxtımız çatmayacaq. Hazırlıqlarımızı Bakıda davam etdirəcəyik. Çünki Peşəkar Futbol Liqası çempionatın avqustun 9-da başlanmasına dair öz qərarını verib. Çempionatın da başlamasına artıq sayılı günlər qalıb".
EMİN SƏFƏROV