Bakı “İnter”inin müdafiəçisi Matiya Spiçiçin futbolinfo.az saytına müsahibəsi
 
– Avstriyadakı məşqləriniz necə keçir?
– Mən bu barədə müsbət fikirdəyəm. Avstriyadakı təlim-məşq toplanışımız yaxşı keçdi. Hesab edirəm ki, artıq Avropa Liqasının oyunlarına hazırıq.
 
– “İnter” Avstriyada 3 yoxlama oyunu keçirdi (“Buxşaxen” – 5:0, “Şturm” – 3:2, “Spartak” (Slovakiya) – 1:2). Bununla bağlı nə deyə bilərsiz? Sizcə, həmin rəqiblər "İnter" üçün uyğun idi?
– Mən bu matçları yaxşı dəyərləndirirəm. Biz “Ştrum” və “Spartak” kimi güclü rəqiblərə qarşı yoxlama matçı keçirdik. Bu oyunlar göstərdi ki, biz Avropanın güclü komandalarına qarşı baş-başa mübarizə apara bilirik.
 
– Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Moldova “Tiraspol”unu səfərdə 3:2 hesabıyla məğlub etdiz. Sizcə, “İnter”in növbəti matçda mərhələ adlamaq şansı nə qədərdi?
– Təbbi ki, birinci oyunda qalib gəlmək böyük nəticə və üstünlükdü. Özü də, bu qələbəni səfərdə qazanmışıq. Növbəti matçda da var gücümüzlə çalışıb, növbəti mərhələyə vəsiqəni təmin etməliyik.
 
– “Tiraspol”la oyunda rəqib qapısından 3 cavabsız top keçirdiz. Amma sonra hesabı qoruya bilmədiz və qarşılaşma 2:3 hesabı ilə başa çatdı. Bunun səbəbi nə idi? Sizcə, “İnter”in müdafiəsində problemlər var?
– Bu oyun göstərdi ki, növbəti görüşdə daha diqqətli olmalıyıq. Hesab edirəm ki, 3:0-dan sonra belə səhvlər olmamalı idi. Bir anlıq arxayınlıq bizi çətin vəziyyətə sala bilərdi. İnanıram ki, evdəki görüşdə oyuna daha yaxşı köklənəcəyik.
 
– Sizcə, Vaqif Cavadovdan sonra “İnter” hücumçu problemi yaşamayacaq ki?
– Bu danılmaz faktdı ki, Cavadov bizə çox kömək etdi və komandanın ən məhsuldar futbolçusu idi. Ona yeni klubunda uğurlar arzulayıram. Amma inanıram ki, yeni gələn futbolçular da komandaya çox faydalı olacaqlar və gedənlərin yerlərini doldurmaqda bizə kömək edəcəklər.
 
– Avrokuboklarda “Qarabağ” və “Neftçi”dən necə çıxış gözləyirsiz?
– İnanıram ki, “Qarabağ” və “Neftçi” avrokuboklarda yaxşı nəticə qazanacaqlar. Çünki onların yaxşı komandaları var. Təbii ki, onların avrokuboklarda uğur qazanması Azərbaycan futbolunun xeyrinədir. Bu klubların Avropada uğur qazanmasına mən də sevinərəm. 
 
– Mətbuata açıqlamanızda Azərbyacan milli komandasında çıxış edə biləcəyinizi demişdiz. Hazırda bu barədə hər hansı bir irəliləyiş var?
– Azərbaycan milli komandasına dəvət edilib-edilməyəcəyimlə bağlı heç nə deyə bilmərəm. Çünki ortada konkret bir şey yoxdu. Bir də onu deyə bilərəm ki, həmin müsahibədə sözlərimin bəziləri təhrif olunub.
 
– Artıq Braziliyada keçirilən Dünya çempionatı yekunlaşır. Yarımfinalda 4 milli komanda (Braziliya – Almaniya, Hollandiya – Argentina) mübarizə aparacaq. Onlardan hansı sizin favoritinizdi?
– Mənim favoritim Hollandiya. Onların oyun tərzini çox bəyənirəm. İnanıram ki, hollandiyalı futbolçular dünya kubokunu evlərinə apara biləcəklər.
 
ELMAR VƏLİYEV
Shares: