Ölkəmizi Avropa Liqasında təmsil edən "İnter" birinci təsnifat mərhələsinin ilk oyununda səfərdə Moldova "Tiraspol"una 3:2 hesabı ilə qalib gələrək sərfəli nəticə əldə etdi. Futbolino.az xəbər verir ki, bu komandalar arasındakı cavab martçı iyulun 10-da Bakıda baş tutacaq.
Artıq Moldova təmsilçisinin ölkəmizə gələcəyi vaxt da məlumdu. Onlar iyulun 9-da paytaxtımızda olacaq və həmin günün axşamı məşqə çıxacaqlar. Maraq doğuran məsələlərdən biri də "Tiraspol"un heyətində çıxış edən Ermənistan yığmasının üzvü Artyom Xaçaturovun Bakıya gəlib-gəlməməsi idi. Klubdan aldığımız məlumata görə, Xaçaturov komanda ilə birgə iyulun 9-da Bakıya gələcək.
Bəs, görəsən neqativ halların baş verməməsi üçün təmsilçimiz hansı təhlükəsizlik tədbirləri görməyi planlaşdırır. Saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məsələyə belə münasibət bildirib:
"Bildiyiniz kimi, Xaçaturov gələn nümayəndə heyətinin tərkibindədi. O, Rusiya və Moldova vətəndaşıdı. Gələn hər bir nümayəndə heyətinin üzvünə UEFA qaydalarına uyğun olaraq münasibət göstəriləcək. Bununla bağlı zəruri tədbirlər görüləcək".
Qeyd edək ki, matç iyulun 10-da keçiriləcək və saat 21:00-da başlayacaq.