Bakı "İnter"i Avropa Liqasının ikinci təsnifat mərhələsində İsveçin "Elfsborq" komandası ilə mübarizə aparacaq. Futbolinfo.az sizi həmin klubla yaxından tanış edir.
 
1904-cü ildə yaranan klubun tam adı "Elfsborq" İdman Klubudu və hazırda ona Bo Yohansson rəhbərlik edir. Klub ilk yaradılanda adı "Boras" olub. Lakin klubun yaradıcısı Karl Larson sonralar şəhərdə bu adda çoxlu idman klublarının olması səbəbindən, "Elfsborq" adını seçib. "Sarı-qaralı" komanda matçlarını təmsil etdikləri şəhərin adını daşıyan və 17 min 800 azarkeş tutumu olan "Boras Arena" stadionunda keçirir. Klas İnqesson komandanın hazırkı baş məşqçisidi və 2013-cü ildən bu vəzifədədi.
 
Ölkənin əsas çempionatı olan "Allsvenskan"da "Elfsborq" 5 dəfə (1935/36, 1938/39, 1939/40, 1961, 2006) qalib adını qazanıb. 6 dəfə isə (1942–43, 1943–44, 1944–45, 1965, 1977, 2008) komanda çempionatın gümüş mükafatçısı olub. İsveçin ən titullu klublarından olan "sarı-qaralar" 5 dəfə finala çıxmaqlarına baxmayaraq, ancaq 2001 və 2003-cü illərdə ölkə kubokunu başı üzərinə qaldıra biliblər.
 
Komanda avrokuboklarda da uğurlu çıxışı ilə seçilir. 3 dəfə UEFA İntertoto Kubokunda finala çıxan isveçlilər 2 dəfə – 1980 və 2008-ci illərdə qalib olublar. İndiyə kimi, Çempionlar Liqasında 10 oyun keçirən komanda 4 qələbə qazanıb, 3 heç-heçə edib, eyni sayda da məğlubiyyət yaşayıb. Avropa Liqasında isə 104 matçda iştirak edən İsveç təmsilçisi 41 qələbə, 20 heç-heçə və 43 məğlubiyyətlə yadda qalıb.
 
Bütövlükdə, bu komanda avrokuboklarda 114 oyun keçirib, 45 qələbə qazanıb, 23 heç-heçə edib, 46 oyunda isə uduzub. Bu oyunlarda 183 qol vuran "Elfsborq" öz qapısında 167 top görüb.
 
Ötən avrokuboklar mövsümündə Çempionlar Liqasında mübarizə aparan bu komanda Şotlandiya "Seltik"inə uduzaraq Avropa Liqasına düşüb. Avroliqanın pley-off mərhələsində Danimarka "Nordsyeland"ına qalib gələn komanda qrup mərhələsinə vəsiqə qazanıb. Belçika "Standard"ı, Avsriya "Zalsburq"u və Danimarka "Esbyerq"i ilə mübarizə aparan "Elfsborq" cəmi 4 xal toplamaqla yalnız belçikalıları qabaqlaya bilib.
 
Qeyd edək ki, "Elfsborq" Avropa Liqasına ölkə kubokunu qazanmaqla vəsiqə qazanıb. "İnter"in rəqibi kubokun finalında "Helsinborq"la qarşılaşıb. "Sarı-qaralar" Lasse Nilsonun 54-cü dəqiqədə vurduğu yeganə qolla kubokun sahibi olublar.
 
Komanda ölkə çempionatında ötən mövsümü 16 komanda arasında 6-cı yerdə tamamlayıb. Həmin mövsüm 30 oyun keçirən "sarı-qaralar" 12 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıblar. Rəqib qapılarına 49 top vuran komanda 34 qol buraxıb.
 
Onu da bildirək ki, hazırda İsveç çempionatında yeni mövsüm davam edir və Klas İnqessonun yetirmələri 13 turdan sonra turnir cədvəlində 4-cü yeri tuturlar. Onlar 7 qələbə, 3 bərabərlik və eyni sayda məğlubiyyət yaşayıblar. Rəqib qapılarına 19 top vuran komanda 11 qol buraxıb.
 
Bu avrokuboklar mövsümündə "Elfsborq" UEFA Avropa Liqasında iştirak üçün 28 futbolçu təqdim edib. Həmin siyahını təqdim edirik:
 
Qapıçılar: 1. Kevin Stur-Elleqor (Danimarka), 30. Abbas Hassan (Livan), 31. David Olsson;
 
Müdafiəçilər: 2. Erik Nilsson, 3.Viktor Nilsson, 4. Martin İnqesson, 6. Yon Yönsson, 7. Yohan Larsson, 11. Daniel Mobaek, 12. Sebastyan Holmen, 15. Andreas Klarström, 22. Anton Lans;
 
Yarımmüdafiəçilər: 8. Anders Svensson, 13. Arber Zeneli, 14. Anton Andreasson, 19. Simon Hedlund, 20. Adam Lunkvist, 21. Henninq Hauqer, 25. Markus Roden, 26. Liridon Qaşi, 27. Aryan Mostafa;
 
Hücumçular: 5. Yakob Berq, 9. Lars Nilsson, 10. Mikkel Bekmann (Danimarka), 16. Viktor Klaesson, 17. Per Frik, 18. Viktor Rottinq, 24. Viktor Prodell.

ELMAR VƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp