Moldovanın "Tiraspol" klubunun futbolçusu Ademar Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında yarımmüdafiəçi komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Hesab edirəm ki, "İnter"lə oyunda bəxtimiz gətirmədi. Çünki hesab 1:0 xeyirimizə olarkən, qapıçımız penalti epizodunda qırmızı vərəqə ilə cəzalandırıldı. Sonra başqa bir futbolçumuz da eyni arzuolunmaz vəziyyətlə üzləşdi. Həmin andan sonra oyun bizim üçün daha da çətinləşdi. Amma rəqibin qələbəsini də kölgə altıda qoymaq istəmirəm. Bu matçda "İnter" həqiqətən də yaxşı mübarizə apardı".
Ademar öz çıxışını da dəyərləndirib: "Çıxışımın azarkeşlərinizin xoşuna gəlməsi mənim üçün sevindirici haldı. Hər oyun çalışıram ki, komandam üçün əlimdən gələni edim".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.