Xəbər verdiyimiz kimi, yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL ötən gün növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" Boluda məskunlaşdığı “Koru Otel”inin meydançasında son mövsümü Türkiyə Super Liqasında keçirmiş “Antalyaspor” ilə üz-üzə gəlib.
 
Gərgin idman mübarizəsi və qarşılıqla hücumlar şəraitində keçən görüşdə AZAL rəqibini üstələyib. Maraqlıdı ki, bütün qollar penaltidən reallaşıb. AZAL-da Təmkin Xəlilzadə dubl edib: o, 18 və 85-ci dəqiqələrdə “nöqtə”dən dəqiq zərbə vurub. Elə rəqib də penaltidən fərqlənib – 55-ci dəqiqədə Zəki hesabda tarazlığı bərpa edib. Amma sonda daha bir qol vuran “təyyarəçilər” qələbəni bayram edib.
 
Baş məşqçi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Ruslan Məcidov, Eltun Yaqublu (Novruz Məmmədov, 86), Oskar Klyava, Laşa Kasradze, Şəhriyar Rəhimov, Asif Mirili, Luis Ramos, Təmkin Xəlilzadə, Tomi Kostadinov (Viktor İbekoyi, 63), Eduardo Konseysao Masiel, Freddi Mombonqo (Con Enrike Kordoba, 72).
 
Beləliklə, AZAL Türkiyədəki yoxlama oyunlarında ikinci qələbəsini qazanıb. "Təyyarəçilər" buna qədər əvvəlcə İran U-21 ilə heç-heçə (2:2) oynamış, sonra “Mersin İdman Yurdu”na qalib gəlmiş (2:1) və ardından isə “Balıkesirspor”a yenilmişdi (1:2). Onu da qeyd edək ki, AZAL növbəti yoxlama oyununu iyulun 27-də Gürcüstan 1-ci divizionunun əsas kollektivlərindən olan “Kolxeti 1913”ə qarşı keçirəcək.
Shares: