“Qarabağ”ın bosniya və herseqovinalı qapıçısı İbrahim Sehiçin futbolinfo.az saytına müsahibəsi
 
– Avstriya “Zalsburq”unu ilk matçda 2:1 hesabı ilə məğlub etdiniz. Bu oyunu necə şərh edərdiz?
– Çox, çox ağır oyun oldu. Düşünürəm ki, çox axmaq səhvlər etdik. Bunun nəticəsində də iki futbolçumuz qırmızı vərəqə ilə cəzalandırıldı, meydandan qovuldu. Çox şadıq ki, Allah bizə kömək etdi və son dəqiqələrdə vurduğumuz qolla qalib gəldik. Qarşıda səfər matçı var. Çalışacağıq ki, Avstriyada əlimizdən gələni edib, yaxşı nəticə qazanaq.
 
– Hamı rəqibinizi güclü klub kimi tanıyır. Oyundan əvvəl komandanızdan belə inamlı çıxış və qələbə gözləyirdiz?
– Onu deyə bilərəm ki, bu oyun üçün çox ciddi məşqlərimiz oldu. Məşqlərimiz yaxşı keçmişdi. Oyunçularımızın qırmızı vərəqə almalarına baxmayaraq, biz həqiqətən də çox çalışdıq. Bu qələbəyə layiq olduğumuzu düşünürəm. Rəqibimiz də çox güclüdü. Onların nəyə qadir olduğunu hamı bilir. Rəqib “Bavariya”, “Ayaks” kimi güclü klubları məğlub edə bilib. Heç kim inanmırdı ki, bü gün qalib gələcəyik. Amma biz göstərdik ki, Azərbaycanda yaxşı futbol, klub var. Bu qələbə, oyun bizim üçün böyük təbliğatdı.
 
– Hakim iki oyunçunuzu qırmızı vərəqə ilə meydandan qovdu. Referinin qərarları ilə razılaşırsız?
– Bu, futboldu və futbolda belə hadisələr də yaşanır. Hamı səhv edə bilər. Ola bilər ki, növbəti matçda mən də qırmızı vərəqə alım. Bunu elə də böyük problemə çevirmək lazım deyil. Hesab edirəm ki, bir-birimizə dəstək olsaq, bu, bizim üçün daha yaxşı olar.
 
– Deyəsən, Reynaldonun qırmızı vərəqəyə görə növbəti matçda oynamayacağı rəqibinizi çox sevindirdi? 
– Bəli. Hamısı sevinir ki, Reynaldo növbəti qarşılaşmada oynamayacaq. Amma bizim Vüqar Nadirov, Muarem Muarem kimi güclü futbolçularımız da var. Düzdü, Reynaldonun yerini doldurmaq çətin olacaq, amma çalışacağıq ki, hər şey yaxşı olsun. Amma belə görünür ki, növbəti matçda müdafiəyə daha çox fikir verəcəyik. Çünki rəqib çox güclüdü və yüksək tempdə yorulmadan mübarizə apara bilir.
 
– Sizcə, cavab matçında “Qarabağ”ın mərhələ adlamaq şansı nə qədərdi?
– Bunu əvvəlcədən dəqiq demək olmaz. Bu, futboldu. Oraya gedib, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Görək, necə olacaq. Biz var gücümüzlə çalışacağıq.
 
ELMAR VƏLİYEV
Shares: