"Qarabağ" – "Zalsburq" matçından sonra yerli azarkeşlər şəhər turu keçirdi. Azarkeşlərin qazanılan qələbəni mükəmməl səviyyədə bayram etməsi üçün "Trojka" şirkəti onlara dəstək oldu. Belə ki, enerji içkilərinin istehsalı ilə məğul olan şirkət azarkeşləri ikimərtəbəli avtobusla təmin edərək, şəhər turunun keçirilməsinə yardımçı oldu. Bundan başqa "Trojka" rəhbərliyi bir sektora bilet alaraq, azarkeşlərə hədiyyə edib.
"Trojka" şirkətinin brend meneceri Tərlan Qulamov saytımıza müsahibə verərək, dünənki təşkilatlanma ilə bağlı suallarımızı cavablandırıb:
– "Qarabağ" – "Zalsburq" matçından sonra sizin dəstəyinizlə azarkeşlərlə şəhər tutu təşkil edildi. Bu, əvvəlcədən planlaşdırılmışdı?
– Xeyr. Bu, əvvəldən planlaşdırılmamışdı. Əvvəldən planlaşdırdığımız başqa aksiyalarımız var idi. Oyundan bir həftə əvvəl mediada "Trojka" "Qarabağ"a dəstək olur" adlı kampaniyaya start vermişdik. Onların "Red Bull"u varsa, bizim də "Trojka"mız var. Bir sektorluq bileti azarkeşlərə pulsuz paylamışdıq. Oyun günü şəhər gəzintisi üçün ikimərtəbəli avtobus üçün şirkət ilə anlaşdıq. Azarkeşləri stadiona cəlb etdik. Qarşılaşmadan sonra isə azarkeşlər qələbəni daha çılğın yaşamaq üçün ikimərtəbəli avtobusla şəhər turuna çıxmaq istədilər. Biz də bacardığımız qədər şərait yaratdıq ki, öz sevinclərini bölüşə bilsinlər.
– Azarkeşlər üçün hansı sektora pulsuz bilet hədiyyə etmişdiniz?
– Fəal, çılğın azarkeşlər qapı arxasında olduğu üçün 5-ci sektoru öz öhdəmizə götürdük. Həmin yerdə oyunun əsas məqamlarını daha yaxşı görmək olur. Oyunçular həmin sektorlardan azarkeş dəstəyinə daha çox ehtiyac duyurlar. "Qarabağ" klubu ilə danışıqlardan sonra bizdən həmin sektoru doldurmağımızı xahiş etdilər. Ona görə də biz həmin sektoru seçdik.
– Bu işlərə başlamanız "Red Bull"a rəqabət aparmağınızdan irəli gəlir?
– Biz tam belə deməzdik. Bilirsiniz ki, "Qarabağ" neçə ildi ki, avrokuboklarda uğurlu çıxış edir. Ancaq təəssüf ki, hər dəfə püşkatmada çox güclü rəqiblə qarşılaşır. Bu dəfə də püşkatmada təmsilçimizə "Zalsburq" komandası düşəndə hiss etdik ki, azarkeşlər rəqibdən çəkinirlər. Biz azarkeşləri "Qarabağ"ın qələbə qazanacağına inandırmaq, onlara stimul vermək üçün belə bir kampaniya keçirdik. Əlbəttə, burada brendlər arasında rəqabətin bir ünsürü var. Ancaq əsas məqsədimiz "Qarabağ"a dəstək olmaq idi.
– "Red Bull" qanadlandırır, bəs "Trojka"?
– Dünən azarkeşlər bildirdi ki, enerji göydə yox, stadionda lazımdı. Həqiqətən də biz gördük ki, bizim futbolçuların sahib olduğu enerji sayəsində Avropanın istənilən komandasına qalib gəlmək olar.
– Digər klublarımızla əməkdaşlıq etmək fikiriniz var? Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsində çıxış edən "Neftçi"nin matçı var…
– Təəssüf ki, bu cür kampaniyalar təşkil etmək çox uzun bir vaxt alır. Biz "Neftçi"nin oyununa hazır deyilik. Bilirsiz ki, "Neftçi" "Koper"lə ilk oyunda məğlub olduğu üçün mərhələni keçəcəyi dəqiq deyildi. Yalnız səfərdə qələbə qazanmaqla mərhələni adlaya bildi. Bizim isə çox az vaxtımız var idi. "Qarabağ"ın rəqibi isə öncədən bəlli idi. "Qarabağ" "Valletta"ya rəqib meydanda qalib gəldiyi üçün 10 gündən artıq vaxtımız var idi. Biz bu oyuna hazırlaşa bildik. "Qarabağ" sadə bir komanda, Qarabağ təkcə komandanın adı deyil, bizim xarici siyasətin bir nömrəli prioritet məsələlərdən biridi. Qarabağ adı bizim üçün daha vacibdi. Bu, digər klublarımıza ögey münasibət göstərmək anlamına gəlmir. Bizim üçün hər bir klubumuz vacibdi. Yəqin ki, "Troyka" rəhbərliyi bundan sonra da bu cür uğurlu kampaniyaları davam etdirər.
– Demək olarmı ki, "Qarabağ"ın qələbə qazanması həm də sizin işinizi asanlaşdırdı? Çünki qələbəsiz şəhər turunun bir anlamı olmazdı…
– Bunu azarkeşlər özləri müəyyən edirlər. Mənə elə gəlir ki, dünənki oyunda hesab neçə olursa-olsun, futbolçularımızın əzminə görə onları alqışlamaq lazım idi. Azarkeşlər "Qarabağ" klubu ilə fəxr etməlidi.
– Bundan sonra futbolla bağlı nə kimi aksiyalarınız olacaq?
– Öncədən nəsə demək istəmirik. Yəqin ki, rəhbərlik bundan sonra hər bir məsələni müqayisə edəcək. Yenə də azarkeşlərin marağına səbəb olan kampaniyalarımız olacaq. Çünki dünənki kampaniya çox uğurlu oldu. Xüsüsən də media təmənnasız olaraq bizə dəstək verdi. Bu cür kampaniyaları davam etdirmək lazımdı.
EMİN SƏFƏROV