Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasındakı baxımlı oyunu və nəticələri UEFA-nın da diqqətini cəlb edib. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən də ali futbol qurumu rəsmi saytında təmsilçimizlə bağlı məlumat dərc edib.
 
Həmin yazıda qeyd olunur ki, UEFA Azərbaycandakı nümayəndəsinə müraciət edərək  “Qarabağ”la bağlı məlumat toplamağı göstəriş verib. Həmin nümayəndə də klubunuzun tarixi, hazırkı durumu, oyun üslubu ilə bağlı informasiya toplayıb.
 
Klubun tarixinə nəzər yetirən UEFA-nın əməkdaşı “Qarabağ”ın təmsil etdiyi şəhərdən, Ağdamdan necə ayrı düşərək, paytaxtda məskunlaşmasından yazıb: “Qarabağ” rəsmi olaraq Ağdam şəhərini təmsil edir. Lakin klub Dağlıq Qarabağ müharibəsi başlandıqdan sonra Bakıya köçmək məcburiyyətində qalıb. Bu məcburi köçkünlük klubun ikinci adında, ləqəbində öz əksini tapıb. Həmin vaxtdan “Qarabağ” “Qaçqın Klub” adını daşıyır. Bundan əlavə klubun loqosunda məşhur Qarabağ atları da öz əksini tapıb və onların digər ləqəbi də “atlılar”dı”.
 
Qurumun saytı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun komandaya qazandırdığı nailiyyətlərə və futbolçularına təlqin etdiyi oyun üslubuna da diqqət yetirib. Sayt “atlılar”ın məşhur İspaniya klubu “Barselona” üslubunda oyun nümayiş etdirməyə çalışdığını və bu səbəbdən də “Qafqaz Barselonası” adlandırıldığını bildirib.
 
Yazıda “Qarabağ”ın braziliyalıları – Danilo Dias, Reynaldo, Riçard Almeyda və Çumbinyo komandanın təhlükəli hücum silahları kimi qeyd olunub. Kapitan Rəşad Sadiqovun isə komandadakı xüsusi rolundan söhbət açılıb.
Shares: