Azərbaycanlı hakimlər briqadası Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyununu idarə ediblər. Futbolinfo.az xəbər verir ki, FİFA referimiz Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlərimiz Qazaxıstanın "Şaxtyor" klubu ilə Xorvatiya "Hayduk"u arasındakı qarşılaşmaya təyinat almışdılar.
Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Namiq Hüseynov kömək ediblər. Dördüncü hakim isə Anar Salmanov olub.
Qarşılaşmaya gəlincə, meydan sahibləri 4:2 hesabıyla qalib gəliblər. Referimiz isə 50, 57, 77, 80 və 90+2-ci dəqiqələrdə "Şaxtyor"un beş futbolçusuna sarı vərəqə verib. Bundan əlavə o, 78-ci dəqiqədə qonaqların lehinə penalti də təyin edib ki, bu, Xorvatiya klubunun hesab arasındakı fərqi minimuma endirməsinə yardımçı olub – 3:2. Amma buna baxmayaraq, qazaxlar son dəqiqələrdə daha bir qol vuraraq inamlı qələbə qazana biliblər – 4:2.
Maraqlıdı ki, qarşılaşmanın UEFA nümayəndəsi türkiyəli Metin Kazancıoğlu təyin olunduğu halda, hakim-inspektor ermənistanlı Karen Nalbandyandı. Onun azərbaycanlı referilərin işinə nə dərəcədə obyektiv qiymət verəcəyi isə şübhə doğurur.