Bu dəqiqələrdə "Bakcell Arena"da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Gürcüstan "Çixura"sı arasındakı ilk oyun keçirilir. Futbolinfo.az xəbər verir ki, qonşu ölkə təmsilçisinin azarkeşləri bu oyunun birinci hissəsində təxribata əl atıblar.
 
Belə ki, qarşılaşma başlayan kimi, "Çixura" fanatları "Neftçi"nin azarkeşlərinin əyləşdiyi sektorlara plastik su qabları atmağa başlayıblar. Lakin bu münaqişə tezliklə yatırılıb.
 
Az sonra isə gürcü tərəfdarlar xəritə açıblar. Hansı ki, xəritədə Azərabycanın iki şəhəri – Qax və Zaqatala Gürcüstan ərazisi kimi göstərilib. Bu isə fanatlar arasında növbəti qalmaqala səbəb olub.
 
Bundan sonra gürcü azarkeşlərlə "ağ-qaralı" fanatlar arasında söz atışması olub. Stadiona təhlükəsizlik məqsədi ilə gələn polislər araya girib, davanı sakitləşdirmək istəsə də, buna bir qədər çətinliklə nail olub. Maraqlıdı ki, gürcü fanatlar asayiş keşikçilərinə də müqavimət göstərməkdən çəkinməyiblər.
Shares: