"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirdikləri ilk oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo xəbər verir ki, o, qolsuz bitən qarşılaşmanı belə şərh edib:
– "Çixura" kombinasiyalı futboldan qaçır. Sırf qapalı futbol oynadı. Mən rəqibə hər zaman açıq futbol təklif edirəm. Bu komanda "Bursaspor"u mübarizədən kənarlaşdırıb. Cavab görüşündə "Çixura" bir qol vurmaq xatirinə açıq futbol oynacaq. Mən demirəm ki, "Çixura"nın daşını daş üstə qoyacam. Rəqibə hörmətlə yanaşıram. Ən azından avqustun 7-nə kimi gözləməliyik.
– Bertuççi bu gün hansı mövqedə oynayırdı? O qədər də effektli görünməyən bu futbolçunu əvəzləmək daha düzgün olmazdımı?
– Biz üç müdafiəçi ilə çıxış edirdik. Bertuççinin yaxşı sürəti və güclü zərbələri var. Oyunda hər zaman dəyişikliyin iki tərəfi olur. Bu, həm yaxşı, həm də pis effekt verə bilər. Bertuççini uzaqdan zərbə vura biləcəyini gözlədim. Hesab ürəyimizcə deyil. Tiflisdə kim qol vuracaq, o da oyunu aparacaq.
– "Xalq komandası"nın Vobay, Nfor, Kaue kimi futbolçuların ümidinə qalması sizin günahınızdı, yoxsa klub rəhbərliyin?
– Vobay bizim icarədə olan futbolçumuzdu. O, "Koper"lə oyunda yaxşı təsir bağışladı. Nforun oyunundan mən də narazı qaldım. Yaxın günlərdə komandada yeni hücumçunun şahidi olacaqsız. Artıq həmin futbolçu ilə söhbətlər gedir. Kaue isə unversal futbolçudu. O, istənilən mövqedə oynaya bilər. Bunun günahının məndə yaxud da, klub rəhbərliyinin olduğu önəmli deyil. Platye də icarədədi. O, da bu gün, sabah qayıtmalıdı. Mən heç bir transfer siyasətinə qarışmıram. Mənə disk gəlir, ona da baxıram. Nfor mənə disk gələndə daha yaxşı təsir bağışlayırdı.
– Matçı izləyənlər arasında Şenol Günəş də vardı. Türk çalışdırıcıdan "Çixura" ilə bağlı məsləhət almışdınız?
– Mən bilirəm ki, rəqib qapalı oyuna üstünlük verir. Elə oyunun analizini də "Bursaspor" – "Çixura" matçına baxıb, aparmışdım. Mənə elə gəlir ki, bu oyun Tiflisdə də baş verəcək. Mənə lazımdı ki, rəqib bir balaca qabağa çıxsın. Gündə taktika dəyişmək də bir xeyir etmir. Bir taktikanı yerinə yeritmək üçün minimum 6 ay lazımdı. Gəlin darıxmayaq.
– "Çixura"nın futbolçuları matçdan sonra qələbə qazanmış kimi sevinirdi. Buna münasibətiniz necədi?
– Həyatda insanlar var ki, bir gün üçün sevinər. Gələcəyə ümidlə baxmaq lazımdı. Bir həftə gözləmək lazımdı. Evdə oynamaq daha çətindi. Azarkəş qol vurmağı tələb edir.
– Düzdü, nəticə ürək açan deyil. Qeyd edirdiniz ki, rəqib müdafiə futbolu oynayırdı. "Neftçi"də isə oyunun ən yaxşısı Kardoso idi. Belə çıxır ki, "Neftçi" müdafiə futbolu oyanyırdı?
– Çixuranın bir takikası var. Onların başqa taktikası yoxdu. Bu gün Kardosun işi çox idi. Çünki rəqib ancaq oyunu 10 nömrəli futbolçunun üzərində qurmuşdu. Buna görə də Kardosonun oyunu tez nezərə çarpırdı.
– Son zamanlarda Araz Abdullayev o qədər də yaxşı çıxış etmir. Onun durumuz sizi qane edir?
– Futbolçu insandı, robot deyil. Robot olsa, proqlamla işlədərik. Hər bir futbolçuya psixoloji cəhətdən yanaşmaq lazımdı. Bu gün əgər siz dediyiniz kimi hesablasaz, 25-30 futbolçu az olar. Mənə 50-60 futbolçu lazımdı ki, bir oyun zəif oynayan kimi göndərim? Araz Abdullayev Azərbaycanda öz cinahında ən yaxşıdı.
– Həmişə iddialı açıqlamalarla yadda qalmısız. Səfərdə şanslarınızı faiz nisbəti ilə necə dəyərləndirirsiz?
– Həyatda özümə inanan insanam. Mərhələ keçəcəyimizə 170 faiz inanıram. Mənim faizim çox yuxarıdı. Çalışacam ki, sizi sevindirəm. Düzdü, bizi istəməyənlər də var.
– Düşünmürsüz ki, meydandakı oyun taktikadan çox, futbolçuların fərdi ustalığı hesabına qurulmuşdu?
– Rəqib qapalı futbol oynayırdı. Buna görə də oyunçular fərdi oynmağa başlamışdı. Vobay, Flavinyo və digərləri boş mövqe axtarırdı.