"Neftçi"nin prezidenti Sadıq Sadıqov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilmiş Gürcüstan "Çixura"sı ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
– Oyun barədə fikirlərinizi öyrənmək istərdik?
– İmkanlarımız olacaq ki, futbol oynayaq. Bu, futbol deyil.
– Siz həmişə deyirsiz, gərək bizə qarşı addım atıla ki, biz də nəsə edək. Bu gün addım atılmadığı üçün belə oldu?
– Bəli, elə demişəm. Amma bu, elə deyil. "Neftçi" ilk oyunda "Koper"ə uduzanda hamı deyirdi ki, komandamız səfərdə də məğlub olacaq. Deyirdilər ki, orada "Neftçi"yə 4 qol vuracaqlar. Mən komandama inanırdım. Artıq neçə ildi ki, klubdayam. Komandamın gücünə bələdəm. Bilirdik ki, bu komanda kimləri uda bilər. İndi "Koper"di, nə bilim bu gürcülərin klubudu. Adı "Çixura"dı, nədi, bunlar "Neftçi" üçün rəqib deyil. Əsas oyun orada olacaq. Ümid edirik ki, onlar qapanmayacaq. Bilirik ki, "Neftçi" qapalı oyunları sevmir. Ölkə çempionatında da qapalı rəqiblərə qarşı ya heç-heçə edir, ya uduzurduq. "Neftçi" açıq futbolu xoşlayan komandadı. Mən inanıram ki, orada hər şey yaxşı olacaq.
– Bu oyunda gürcü azarkeşlər stadionda təxribatçı pankartlar açdı, mübahisə oldu. Belə hadisəni gözləyirdiz?
– Əlbəttə ki, gözlənilməz oldu. Rəqib təşkilati işləri elə görmüşdü ki, gəlib, hava limanında qalmışdılar. Onlara heç sahib çıxan yoxdu. Bizə polis zəng edib, dedi ki, bunlar gəlib, hava limanında qalıb. Biz öz avtobusumuzu göndərdik. Əməkdaşlarımız orada oldu. Onları hər şeylə təmin etdik. Onlara kömək etdik. Azərbaycan – Gürcüstan münasibətlərinə gəldikdə isə, bu iki dövlət, xalq arasında yaxşı münasibət var. Biz həmişə dost olmuşuq. İndi bu gün pankart çıxarıblar, bayraq çıxarıblar. Biz bunu gözləmirdik. Gürcü azarkeşlər də Azərbaycan xalqının dostu olaraq, gəlib normal azarkeşlik edib, getsəydilər yaxşı olardı. Futbolu siyasiləşdirmək olmaz.
– "Çixura" rəsmiləri dedi ki, onlar "Dinamo" komandasının azarkeşləridi və təxribat yaratmaq üçün gəliblər…
– "Dinamo" olsun, yaxud "Çixura". Fərqi yoxdu. Onlar Gürcüstan vətəndaşlarıdı və gürcüləri təmsil edirlər. Açığı belə hadisə gözləmirdim.
– Bayaq vitse-prezident dediniz. Kimi nəzərdə tuturduz?
– Vitse-prezident deyərkən, Tahir Süleymanovu nəzərdə tuturdum. İndi yadıma düşdü ki, o, istefa verib. Onun istefası qəbul olunub. Amma yenə kömək edir. "Neftçi" xalqın komandasıdı. Ona hər biriniz kömək edə bilərsiz. Ürəyiniz istədiyi vəzifəni də sizə verərəm. Yenə deyirəm, əsas odu ki, komandamıza kömək edək. Onu da deyim ki, dünən "Qarabağ" möhtəşəm oynadı. Amma bəzi oyunçularının məsuliyyətsizliyini başa düşə bilmirəm. Komanda gözəl oynayarkən, sən dur, heç nə yerdən qırmızı vərəqə al. Növbəti matçda onların bəzi oyunçuları cəza səbəbindən oynamayacaq. Ona – görə də, "Qarabağ" üçün çətin olacaq. "Neftçi" Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanaraq, bu uğuru yaşayıb. Biz həmişə Allahdan möcüzə istəyirik ki, bizi orada yaratsın. İlahi qüvvənin köməyi də başqa şeydi. Oraya düşmək mümkündü.
– İlahi qüvvə demişkən, siz "Koper"lə cavab matçından öncə 2:0 hesabı ilə qalib gələcəyinizi demişdiz və dediyiniz də oldu…
– Həqiqətən də, mən onu yuxumda görmüşdüm. Mən münəccim deyiləm, səmimi insanam və nə olur onu da deyirəm. Bəzi jurnalistlər də dedilər ki, güya mən "Koper"lə oyunu almışam. Alası olsam, elə öz futbolçularımızı ruhlandıraram. Elə lazım olan maliyyəni bunlara verərəm, nə istəyirlər onu da edərlər.
– "Çixura" ilə cavab oyunundan nə gözləyirsiniz?
– Vallah, bu, komanda deyil.
– Sizcə hesab neçə olacaq?
– Biz udacağıq. Biz oradan qələbə ilə gələcəyik. Biz oradan ən azı 2:1 hesablı qələbə ilə qayıdacağıq. Özünüz də gördünüz ki, bu gün alınmadı. Komandaya stadiondakı ab-hava da təsir etmiş ola bilər. Bizim çempionat oyunları azarkeşsiz keçir deyə, belə dolu tribunalar qarşısında oynamaq da futbolçuların üzərində təzyiq yaradır. Biz bu komanda ilə Boluda yoxlama görüşləri keçirtmişik. Həmin vaxt legionerlərimizin də çoxu yox idi. Birinci oyun 1:1 oldu, ikinci oyunda onlar 3:2 hesabı ilə qalib gəldi. Amma bu gün tam qapandılar. Onu da qeyd edək ki, bugünkü matçda Mirhüseyn Seyidovun, Bruno Bertuçinin, Flavinyonun oyunu da alınmadı. Julios Vobay çalışırdı ki, nəsə etsin. Araz Abdullayev də əvvəlki kimi deyildi. İnanıram ki, Gürcüstanda "Neftçi"dən başqa oyun görəcəksiniz. Çalışacağıq ki, xalqımızı sevindirək və Tofiq Bəhramov adına Respublika stadionunda pley-off oynayaq.
ELMAR VƏLİYEV