"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
– Azərbaycan azarkeşindən üzr istəyirəm. Hər kəs bizdən qələbə gözləyirdi. Futbolda bu cür surprizlər olur. Oyunun gedişində Nforun qırmızı vərəqə alması komandanı sındırdı. Qismətimizdə yox idi. Ona görə də bu oyun haqda şərh vermək istəmirəm.
– Hər avrokubokdan oyunundan sonra istefa haqda danışırsız. İstərdik ki, bu barədə fikirlərini bildirəsiz…
– İstefa haqqında söhbət gedə bilməz. "Neftçi"nin pley-offa qədər gəlib çıxması da pis nəticə deyil.
– "Koper"lə oyundan sonra "Məqsəd İsayevin xidmətindən nə vaxt istifadə etməliyəm" demişdiniz. Ancaq həmin oyundan sonra İsayevi görmürük…
– Məqsədi kubokun oyunlarında istifadə edirdim. Onun bir az zamana ehtiyacı var. O, artıq Azərbaycan çempionatında çıxış edəcək.
– Hər zaman bildirirsiz ki, əvəzetmənin iki başı var: yaxşı və pis. Bertuççini meydana buraxdıqdan sonra braziliyalı ancaq top itirirdi. Onu meydana buraxdığınız üçün peşman deyilsiz?
– Bertuççi vaxtı ilə Braziliyanın U-21 yığmasında çıxış edib. Onun havası hələ də Bertuççinin burnundadı. Bəli, qəbul edirəm. O, mənim səhv əvəzləməm idi.
– Komandada kifayət qədər boşluqlar var. Onları doldurmaq üçün neçə futbolçuya ehtiyacınız var?
– Mənim futbolçuya ehtiyacım yoxdu. Azərbaycan səviyyəsində futbolçularım kifayət qədərdi. Premyer Liqanın mənim üçün marağı böyükdü. Çünki belə oyunlardan sonra adaptasiya ehtiyac olmur.
– Bu cür oyunlarda Flavinyo və Vobay kimi təcrübəli oyunçulara ehtiyac var. Onları əvəz etmək səhv addım deyildi?
– Flavinyo bundan əvvəlki oyunlarda yatırdı. Düşündüm ki, başqaları oyunun gedişatını dəyişə bilər. Flavinyo avrokuboklarda mənim etimadımı doğrultmadı. Vobay topla cərimə meydançasına girəndə rəqibin baş bəlasına çevrilir. Yorulduğu üçün dəyişilməsini istədi.