"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmalarını şərh edib. Futbolinfo.az sizi Ağdam klubunun çalışdırıcısından alınmış müsahibə ilə tanış edir:
– Klubunuzun tarixi uğuru ilə bağlı nə deyə bilərsiz?
– Bu, bizim üçün böyük uğurdu. Biz neçə il idi ki, belə bir uğur qazanmağa çalışırdıq. Şadam ki, nəhayət bu istəyimizə nail olduq. Çətin oyun oldu, amma biz azarkeşlərimizi sevindirməyi bacardıq.
– Hesab 1:1 olanda nə düşünürdüz? Axı istənilən bir qolun buraxılması hər şeyin sonu ola bilərdi…
– Sonadək inanırdıq. Bir neçə qol şansımız oldu. Təkcə Reynaldo bir neçə qol vura bilərdi. Amma son dəqiqələrdə ancaq hesabı qorumağa çalışırdıq. Çünki bizi milyonlar izləyirdi.
– Bu zəfəri kimə həsr edirsiz?
– Bu, bizim xalqımızın qələbəsidi. Bizim bir milyon qaçqınımız var və bu qələbə ölkəmizə çox lazım idi.
– "Qarabağ"dan qrup mərhələsində nə gözləyək?
– Layiqli oyun və nəticə. Ümid edirəm ki, bundan da böyük sevinc bəxş etməyi bacaracağıq. Baxaq, görəl püşk bizim bəxtimizə hansı komandaları çıxaracaq.
– Qrupunuzda hansı komandaları görmək istərdiz?
– Kiminlə oynamağımızın fərqi yoxdu. Qrup mərhələsində zəif rəqib gözləməyə dəyməz. Sadəcə, onu deyə bilərəm ki, biz qrup mərhələsinə düşməklə kifayətlənmək istəmirik.
– Transferlər olacaq?
– İstərdik. Bəzi mövqelərin güclənməsinə ehtiyac var. İki gün sonra transfer pəncərəsi bağlanır və bu zaman kəsiyində yaxşı futbolçu tapmaq çox çətindi. Amma biz ümidimizi itirmirik və 1-2 yeni futbolçu almağa çalışacağıq. (azerisport.az)