Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətə düşməsinin səbəblərini araşdıran həmkarlarımız maraqlı faktları üzə çıxarıb. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" və "Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki ev oyunlarında uğursuz nəticələrə imza atmalarının əsas səbəblərindən biri olan qazonun faciəvi vəziyyətə düşməsinin pərdəarxası məqamlarını diqqətinizə çatdırır.
 
"Qarabağ” – "Tvente” oyununda Tofiq Bəhramov adına stadionun ot örtüyünün bərbad vəziyyətdə olması diqqət çəkdi. "Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov da qazonun durumunun komandanın oyununa təsir etdiyini qabartdı. Ardınca mətbuat bu məsələyə diqqəti artırdı və ot örtüyünə cavabdeh olan Boris Kolev qovuldu.
 
Əslində bolqar mütəxəssis qurban verildi. Onun qurban verilməsi ilə kimsə vəzifəsini qorumuş oldu. Bu şəxs stadionun direktoru Akif İsmayılovdu.
 
Cəmisi 2 il əvvəl təmirdən çıxan, öt örtüyünün saxlanması üçün külli miqdarda vəsait ayrılan bir stadion niyə belə vəziyyətə düşməlidi?
 
İşindən qovulan bolqar mütəxəssis bunun səbəbini açıqlamışdı: "Stadion təmir olunarkən meydana torpaq əvəzinə qum tökülüb. Qum üzərində isə təbii ot yetişdirmək və saxlamaq çətindi”.
 
Kolevin açıqlaması bu sualı verməyi zəruri edir: "Stadion rəhbərliyi meydana torpaq əvəzinə qum tökərkən bunu bilmirdi?”
 
Təbii ki, bilirdi. Ancaq  həmin vaxt təmir edilən stadionla bağlı pərdəarxası "oyun” oynanılırdı. Bu "oyun” indi də davam edir.
 
Gənclər və İdman Nazirliyində yüksək vəzifə tutan, adının açıqlanmasını istəməyən şəxsin verdiyi məlumata görə, stadionun direktoru Akif İsmayılov da bu "oyunun” iştirakçılarındandı. Məsələ burasındadır ki, Akif İsmayılov "oyunu” gənclər və idman naziri Azad Rəhimova qarşı oynayır.
 
İndi isə keçək təfərrüata. 
 
Azərbaycanda son illər tikilən stadionların  hamısı demək olar ki, süni örtüklüdü. Avropada süni örtüklü stadionlardan tamamilə imtina edildiyi bir vaxtda, Azərbaycanda stadionların süniləşdirilməsi kimlərinsə maraqları üçün atılan addım idi. Ölkədə "süni örtük mafiyası”nın olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunub.
 
Tofiq Bəhramov adına stadion təmir olunan ərəfədə mətbuatda mərkəzi arenanın da süni örtüklü olması üçün piar işi aparılırdı. Həmin vaxt ictimai rəyi formalaşdırmaq üçün hətta Xəzər dənizi də günahkar kimi göstərilirdi. Vurğulanırdı ki, Xəzərin suyu həddindən artıq şor olduğu, Bakı da dəniz sahilində yerləşdiyi üçün paytaxtda təbii örtüyü saxlamaq mümkünsüzdü.
 
Sözsüz ki, bu təbliğat "süni örtük mafiyası”nın nəzarəti altında aparılırdı. Maraqlı məqam odur ki, həmin vaxt stadionun direktoru Akif İsmayılov da arenanın süni örtüklü olmasının tərəfdarı idi. İsmayılov mətbuata verdiyi açıqlamalarda bunu açıq şəkildə bildirmişdi. Ancaq ictimaiyyətin təpkisindən və şəxsən nazir Azad Rəhimovun göstərişindən sonra mərkəzi arena süniləşmək təhlükəsindən qurtuldu.
 
Amma müvəqqəti. Nazirlikdəki mənbənin verdiyi məlumata görə, həmin vaxt "süni örtük mafiyası”  meydanın yerinə torpaq əvəzinə qum tökməklə gələcək təxribatın təməlini qoyub. Bu işdə isə stadionun direktoru Akif İsmayılovun da "xidməti” böyük olub. Meydanın yerinə qum tökülməsinin də məqsədi bəlli idi: Qum üzərində bitən təbii örtük tez-tez sıradan çıxacaq. Bu da daimi "bərpa” tələb edəcək. Daimi "bərpa” da yeyinti üçün ən münasib variantdır.
 
Mənbə bildirir ki, Akif İsmayılov süni örtükdən əldə edəcəyi gəliri bu yolla mənimsəyir. Üstəlik stadionun ot örtüyünün tez-tez sıradan çıxması süni örtük məsələsini də aktuallaşdırır. Mənbə bildirir ki, "süni örtük mafiyası” Bakıda tikilən Olimpiya stadionu hazır olandan sonra Tofiq Bəhramov adına stadionun süniləşdirilməsinə ümid edir. Akif İsmayılovun da daxil olduğu bu qrup ümid edir ki, ot örtüyünün tez-tez sıradan çıxması nazir Azad Rəhimovun da mövqeyinə təsir edəcək.
 
Mənbənin bildirdiyinə görə, Akif İsmayılov nazirin inandığı və etibar etdiyi şəxslərdən olub. Ancaq stadion ətrafında yaranan söz-söhbət bu inam və etibara sarsıdıcı zərbə vurub. Azad Rəhimov Akif İsmayılovun ona xəyanət etməsindən xəbərdardı. Mənbə bildirir ki, Akif İsmayılovun vəzifəsindən çıxarılması da müzakirə mövzusu olub. Ancaq cəmisi 10 aydan sonra Bakıda I Avropa oyunlarının keçiriləcəyini nəzərə alan nazir bunu məqbul hesab etməyib.
 
Mənbə bildirdi ki, Olimpiya oyunlarından sonra Akif İsmayılovun postunu təhvil verəcəyi qaçılmazdı. Ancaq ola bilsin ki, son narazılıqlar naziri daha tez və qəti addım atmağa vadar etsin.
 
Azərbaycandakı "süni örtük mafiyası” ilə bağlı da bəzi məlumatlar əldə etmişik. Bu yöndə tam araşdırma aparandan sonra oxuculara məlumat verəcəyik.
 
Sport7.Az
Shares: