"Neftçi" Azərbaycan futbolu tarixinə yazdığı uğuru təkrarlaya bilmədi. İki il bundan öncə səfərdə Kipr APOEL-ini dəfn edərək, ölkə futbolunun tarixində ilkə imza atan bakılılar Serbiya "Partizan"ına həm səfərdə, həm də evdə məğlub olaraq, Avropa Liqasının qrup mərhələsinə qatılmaqdan məhrum oldu.
 
Belqradda keçirilən qarşılaşmanın ilk yarım saatında "Neftçi" ev sahibinin qapısına iki qol vursa da, bu üstünlüyünü sona qədər qoruya bilmədi. Böyükağa Hacıyevin yetirmələri bunun acısını Bakıda çəkdi.
 
Serbiyada keçirilən "Partizan"ın qazandığı qələbəni əzmkarlıq da adlandırmaq olmaz. İki top geridə olan komandanın sonradan "Neftçi"nin qapısına vurduğu qollar əlbəttə ki, bakılıların uzaq sahillərdə romantik xəyallara dalmasının nəticəsi idi. Serbiyada "Partizan"ın 3:2-lik qələbəsindən sonra Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək cavab oyununda təmsilçimizə ümidlər böyük idi. Di gəl ki, mərkəzi arenanın qazonunun bərbad gündə olması, bu dəfə "Neftçi"nin işini düyünə saldı.
 
Ağlınız əcnəbi komandalara getməsin. Bizimkilər heç düz meydançada belə oynamağa çətinlik çəkirlər. O ki, qaldı palçıqda. Əslində Azərbaycan xalqını sevincdən, ölkə futbolunu növbəti uğurdan məhrum etdiyi üçün ilk növbədə stadionun direktoru Akif İsmayılov məsuliyyətə cəlb olunmalıdı. Əminəm ki, dünən heç mal-qara da o stadionda otlamazdı. Heç meydanda ot var idi ki? Elə bil camış bataqlığı idi.
 
"Xalq komandası"na azarkeşlər də biganə qalmışdı. Sanki, onlar da "Neftçi"nin qələbəsinə inanmırdı. Mərkəzi arenanın tribunalarında olan boşluqlar açıq-aşkar hiss olunurdu. Düzdü, bunu biletin baha satılması ilə də əlaqələndirmək olar. Ancaq bu da bəhanə deyil. Çünki azarkeşlərin qara bazardan dəfələrlə 4-5 qat baha qiymətə bilet alıb, arenadan matçı canlı izlədiklərnin şahidi olmuşuq. Görünür, azarkeşləri tribunadan küsdürən səbəblər tamam başqadı.
 
Klub prezidenti Sadıq Sadıqovun komandaya yeni transferlərin cəlb olunması üçün əlini cibinə atmaması, tez-tez istefa şouları, "Neftçi"nin ətrafında gəzən xoşagəlməz söz-söhbətlər istər-istəməz "ağ-qaralar"ın imicinə zərbə vurmuşdu. Əvvəlki performansından uzaq olan və yalnız artıq çəkidən əziyyət çəkdiyi vaxtda Kanalesin "Neftçi"yə qayıtması da onu sevənlərin könlünü almadı. Nəticədə evdə də 1:2 hesabı ilə məğlub olan bakılılar, mübarizəni Topaz Premyer Liqasında davam etdirməyə məhküm oldular.
 
Bundan sonra bakılılar bütün diqqətini çempionata yönəldəcək. Yenidən Premyer Liqada uğur qazana bilsə, Tahir Süleymanov kimi komandadan tez küsüb barışanların sayı arta bilər. Bu məğlubiyyətdə Böyükağa Hacıyevi də qınamaq yersizdi. O, sadəcə, əlində olan materiallardan istifadə etdi. Baş məşqçi taxta sexində çalışan dülgər kimidi. Hacıyev də taxta qırıntılarından hazırlanmış işi, qoz ağacından istifadə olunubmuş kimi xalqa təqdim edəcək qədər usta deyil. Gərək adamın müdiri, bu sahədən başı çıxan ola.
 
EMİN SƏFƏROV
Shares: