Hardan başlayım, hardan bitirim, açığı, bilmirəm. Hətta sizə necə müraciət etməli olduğumu da dəqiqləşdirməmişəm hələ. Müəllimmi deyim, bəymi deyim, Sadıq Sadıqov? Yox, ən yaxşısı, Hacı deməkdi.
 
Hə, Hacı, gəlin əvvəlcə bir şeyi dəqiqləşdirək: özünüzü necə hiss edirsiz? Əsəbisiz, hə? "Partizan"a dünənki məğlubiyyətin üstünə "Qarabağ"ın "Tvente"ni keçib Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasının gəlməsi əsəblərinizi lap tarıma çəkib. Yox, yox, Allah eşqinə, deməyin ki, "Qarabağ" da bizim klubdur, canımızdır, göz bəbəyimizdi-falan".
 
Nə heç vaxt istefa verməyən siz, nə 777 dəfə istefa verib, hazırda "keçmiş vitse-prezident" statusu daşıyan Tahir Süleymanov, nə də dəfələrlə istefa verəcəyini deyib, istefa verməyən baş məşqçiniz Böyükağa Hacıyev "Qarabağ"ın zəfərindən xoşbəxt olmayıb. Ola da bilməzsiz. Axı Abdulbari Gözəl sizdən, Tahir Gözəl Tahir Süleymanovdan, Qurban Qurbanov Böyükağa Hacıyevdən daha yaxşı olduğunu sübut etdi. Axı siz də görürsüz ki, doqquz milyonluq ölkənin könlünü futbola verən kəsimi sürətlə "Qarabağ"ın sıralarına qoşulur. Axı siz də eşidirsiz ki, indi Azərbaycanın hər şəhərindən, hər rayonundan, hər kəndindən "köhlən atlar"ın ayaqlarının səsi gəlir.
 
Yaxşı, Hacı, niyə belə oldu? Bu haqda düşündüzmü heç? Niyə insanların sevgisini əsrə bərabər olan tarixiylə qazanan bir klub o sevgini 4-5 ilin içində itirdi? Doğrudanmı bilmirsiz? Heç bu haqda Tahir Süleymanovla da söhbətiniz olmayıb? Heç mətbuatdan da oxumamısız? Ya da kim bilir, oxumağınıza imkan verməyiblər, gizlədiblər sizdən yazılanları?
 
"Böyük dayaq" filminə baxmısızmı, Hacı? Baxmısızsa, ordakı Rüstəm kişi obrazıyla öz aranızda müəyyən parallelər apara bilərsiz. Amma sadəcə, müəyyən. Məsələ burasındadır ki, "Böyük dayaq"dakı Rüstəm kişi əvvəllər xalqın yanında olur, xalqın sevgisinə dayanır. Sonra zəhrimara qalmış mürəkkəb insan xarakteri sözünü deyir, kolxoz sədri olan Rüstəm kişi xalqdan uzaqlaşır, Yarməmmədlərin, Salmanların təsiri altına düşür. Amma xoşbəxtlikdən, filmin sonu İbrahim Tatlısəsin kinoları kimi faciəylə bitmir. Rüstəm kişi sözün bütün mənalarında başından yediyi zopa zərbəsindən ayılır, haqq yoluna qayıdır.
 
Siz – Hacı, "Neftçi"nin prezidenti kürsüsünə əyləşəndən xalqın yanında olmamısız. Əksinə, "xalq komandası"nı xalqdan uzaqlaşdırmaq yolunu tutmusuz. Yalandımı? Deyin, Hacı, deyin ki, yalandı. "Bakı"nın futbolçusu Elvin Əliyevi qanına qərq edib döyənlər kimlər idi? Sizin, məhz sizin başında dayandığınız "Neftçi"nin qoçuları. "Bakı"nın başqa bir legioner futbolçusunu vəhşicəsinə döyənlər kimlər idi? Yenə sizin "Neftçi"nin qoçuları. Adını sizin də, mənim də yaxşı bildiyim jurnalistin üstünə əli bıçaqlı adamlar göndərən kim idi? Ya siz özünüz idiz, ya da yanınızda çalışanlardan biri.
 
Yalandırmı, Hacı? Yalandırsa, deyin ki, yalandır. Ölkə kubokunun finalında "Xəzər Lənkəran"ın futbolçusunu bütün xalqın gözü qarşısında al qanına qərq edən kim idi, Hacı? Sizin dostunuz, sizin klubdan çörək yeyən Güloğlan Cabbarov. Budamı yalandı, Hacı? Yalandırsa, deyin ki, yalandı.
 
Zaman keçir, insanlar iş yerlərini dəyişirlər, qovulurlar, istefa verirlər. Siz "Neftçi"nin prezidenti olandan bəri neçə istefa, neçə qovulma olub, Hacı? Neçə dəfə insanları özünüzə güldürmüsüz? Hacı, bu ölkə bir xeyli klubun çempionluğunu görüb, bir xeyli klubun avrokuboklarda uğurlu oyunlarına şahidlik edib. Amma Allahı sevərsiz, deyin, hansı çempionluqda, hansı uğurlu avrokubok mövsümündə sizdəki kimi söz-söhbətlər, şübhələr olub? Bu ölkənin futbolu "Kəpəz"i iflic edib, "Şəmkir"i dəfn edib, "MKT-Araz"ın məzarı üstündə ağı deyib, "Karvan" üçün salavat çevirib. Ancaq hətta tarixlərinin ən yaxşı dövrlərində min oyundan çıxmış bu klubları da sizin "Neftçi" kölgədə qoyub.
 
Doğrudanmı, Hacı, heç düşünməmisiz ki, insanlar niyə "Neftçi"yə inanmır? Niyə çoxu sizin klubun qazandığı çempionluqların, vəsiqə qazandığı Avropa Liqasının qrup mərhələsinin altında qaranlıq məqam ataxrır? Niyə, Hacı, niyə deyirlər ki, siz o vaxt "Zestafoni"ni keçmək üçün bir ətək pul vermisiz? Niyə, axı niyə deməlidirlər ki, bu yay "Koper"lə, "Çixura" ilə oyunlarınızda "barmaq" olub?
 
Niyə, Hacı, niyə sizə inanmırlar, şübhə ilə yanaşırlar? Rüstəm kişini xalqın yanına qaytaran başından yediyi zopa olur. Siz "xalq komandası"nda olsaz da, heç vaxt xalqın yanında olmamısız, Hacı. Mütləq başınızdan bir zopa yeməyinizmi lazımdı? Axı deyəsən, o zopalar başınıza dəyir, siz fərqinə varmırsız…
Shares: