"Neftçi"nin kamerunlu hücumçusu Ernest Nfor "Partizan"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, Avropa Liqasında serbiyalılara 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırmaqlarını belə şərh edib:
– Sizcə, "Neftçi"nin məğlubiyyətinə nə səbəb oldu?
– Nə deyə bilərəm ki? Məğlub olduq.
– Bəs bu məğlubiyyətin səbəbi yoxdu?
– Çünki qol buraxdıq. Belə oyunlarda gərək, əlinə düşən şanslardan maksimum dərəcədə istifadə edəsən. Qol buraxmamalıydıq. "Partizan"a qarşı ev oyununda qol buraxdıq və vəziyyət daha da çətinləşdi.
– Qazonun vəziyyəti ilə bağlı nə deyə bilərsiz?
– Qazonun vəziyyətinin pis olmasını bəhanə etmək olmaz. Bu yaxşı komanda üçün ikinci dərəcəli məsələdi. Şərtlər hər iki komanda üçün pis idi. Amma bu vəziyyətdə belə çalışıb, nəsə etməliydik.
– Qrup mərhələsinə vəsiqə qazandığı üçün "Partizan"ı "Neftçi"dən yaxşı komanda hesab etmək olar?
– Düzdü, "Partizan" qrup mərhələsinə vəsiqə qazanmağı haqq etdi, amma rəqib bizdən yaxşı komanda deyil. Biz "Partizan"dan yaxşı oynadıq. Bununla bağlı səhv deyiləm. Sadəcə olaraq, hər top itirdiyimizdə qapımızda təhlükəli epizodlar yarandı.
– İkinci sarı və nəticədə qırmızı vərəqə alaraq, meydandan qovulduz. Hakimin bu qərarı ilə razı qaldız?
– Hakim öz vəzifəsini icra edirdi. Mən topa oynamışdım. Məqsədim futbolçunu yıxmaq deyildi. Həmin epizodda hakim mənə ikinci sarı vərəqəni göstərdi. Hamı insandı. O da səhv edə bilər, mən də. Onun qərarını mühakimə etməyim düzgün çıxmaz. Hər halda, oyunun videosuna baxıb, harada səhv olduğunu aydınlaşdıracağıq. Amma hesab edirəm ki, mən orada səhv etmədim.
– Bu matçda stadiona xeyli azarkeş gəlmişdi. Amma buradan məyus ayrıldılar…
– Belə oyunlarda azarkeşlərimizin dəstəyinə çox ehtiyacımız var. Onlar bu matçda əla idilər. Biz də onlarının qarşısında əlimizdən gələni edib, yaxşı oyun göstərməyə çalışdıq. Başabaş oyun oldu. Çox da məyus olmağa ehtiyac yoxdu. Qarşıdakı oyunlarda onların dəstəyinə ehtiyacımız var. Düzdü, Avroliqada mübarizəni dayandırdıq, amma çalışacağıq ki, çempionatda və kubok oyunlarında yaxşı nəticələr qazanaq.
ELMAR VƏLİYEV