Bəri başdan yazım ki, Respublika stadionunun durumu “Neftçi”nin məğlubiyyətinə bəhanə ola bilməz. Həqiqətən də ölkənin bir nömrəli arenasının indiki durumu cavabdeh şəxslərin başını ayaqları arasına alıb xəcalət çəkməsi üçün ciddi səbəbdi. 2-3 aydan bir bu günə düşən bərbad qazon belə varlı ölkəyə yaraşmır. “Partizan”la oyunu izləyənlər yəqin indi fikirləşir ki, bütün milyonçular cırıq döşəkdə yatır. Üstü bəzək, altı təzək futbolumuzun gerçəyidi bu.
 
Ancaq “Neftçi” Respublika stadionunun qazonu bərbad durumda olmasına görə uduzdumu? Əsla! Eyni meydana çıxan “Partizan” da var idi və onlar hər şəraitdə uğurlu nəticə qazanmağın mümkünlüyünü sübut etdilər. Deməli, “ploxoy tançor” haqda məşhur deyim bakılıların boyuna biçilib.
 
Bəs, “Neftçi” niyə uduzdu? Paho, bax, burada axşamladıq. Səbəb birmi, ikimi? Ancaq orası da var ki, hara fırlasan, axırı gəlib eyni adamların üzərində dayanacaq. Sadıq Sadıqovun, Böyükağa Hacıyevin…
 
Yox, Tahir Süleymanovu deməyəcəm. Sabiq vitse-prezident Sadıqov kimi səhlənkar, dövlətin pulunu dostlarına, qohumlarına paylayacaq qədər “sadəlövh”, yalnız öz reklamını düşünəcək qədər əhlikef deyil. Süleymanov heç Hacıyv kimi boğazdan yuxarı, pafoslu, yerli-yersiz vədlər verən adam da deyil. 2 il öncə heç kimin cəsarət etmədiyi halda “qrupda oynamalıyıq” deyən və komandanın bu hədəfə çatmasında misilsiz rol oynayan Tahir bəy bu mövsümün püşkü atılarkən də komandanın potensialının nəyə çatdığını dəqiq söyləmişdi. Başqa klub rəsmiləri “quyruğunu qısdığı” zaman Süleymanov bütün təmsilçilərimizin ən azı pley-offa yüksəlməyə borclu olduğunu bildirmişdi. Elə “Neftçi”ni də buraya qədər gətirməkdə böyük işlər gördü. İstefada ola-ola, gizlicə kömək edə-edə.
 
Bu uğursuzluqdan sonra qırmızı-qırmızı “istefa verməyəcəm” deyən Hacıyev ən doğru addımı elə postundan getməklə atmış olardı. Ona görə yox ki, “Partizan”a uduzdular. Məğlubiyyət real bir şeydi və ən güclü vaxtında ən zəif komandaya da yenilə bilərsən. Hacıyev komandanı bu vəziyyətə saldığına, belə aciz duruma düşürdüyünə görə getməlidi. Fiziki hazırlıq üzrə məşqçiyə ehtiyacı olmadığını, hər şeyi özü həll edəcəyini deyən çalışdırıcı görəsən, 6 avrokubok matçının hamısında düşdükləri vəziyyətə görə utanırmı? Bütün oyunların ikinci hissəsini sürünərək keçirən komandanın “qırmızı işığının” yanmasının səbəbkarı Böyükağa bəy deyilmi? Hanı meydanın hər yerini gəzən Flavinyo, cinahının ağası Bruno Bertuççi, gənc istedad Cavid İmamverdiyev, səni kuboka qovuşduran Samir Məsimov? Onların hamısını sən məhv etdin, Hacıyev.
 
“Koper”, “Çixura” və “Partizan”a vurulan qollara diqqətlə baxın. Ya şübhəli müdafiəçi səhvlərinin nəticəsidi, ya da oyunçuların fərdi bacarığının. Heç biri məntiqli kombinasiyanın, hücumun, məşqçi işinin məhsulu deyil. Əgər meydana 11 nəfəri sayıb buraxmaqdısa, bunu Sadıq Sadıqov da edə bilər, Tahir Süleymanov da, lap elə işdən çıxarıldıqdan sonra da prezidentin qoltuğu altında gün keçirən Güloğlan Cabbarovla Elnur Əşrəfoğlu da.
 
Sadıq Sadıqovun da günahı bir deyil, iki deyil. Ən böyük səhv elə komandanı bu cür məşqçiyə tapşırmaqdı. Dostbazlıq, yerlibazlıq edib nəticəni özünüz öz üsullarınızla qazanacaqsızsa, pulu yaxşı oyunçulara yox, yaxın qohumlara paylayacaqsızsa, sonuc elə bu cür də olacaq. Komandanın onurğa sütununu məhv etdiyi üçün bundan sonra Sadıqovu daha böyük uğursuzluqlar gözləyir. AFFA, PFL dadına çatmasa, bu mövsüm heç avrokuboklara da yüksələ bolməyəcəklər.
 
“Neftçi”nin matçı 8 nəfərlə bitirməsi də birbaşa Sadıqovun günahıdı. Topaz Premyer Liqasının hər uğursuz matçından sonra şivən salmaq, özündən başqa hamını günahlandırmaq, baş qaldırana əzələ göstərmək sonda belə nəticələrə səbəb olur. Komandada tərbiyəsizlik baş alıb-gedir, oyunla üstün ola bilməyəndə yumruqları işə salmaq Azərbaycanda fayda verə bilər, qitə arenasında yox. Bu intizamsızlıq da klub rəhbərliyinin vicdanına yazılmalıdı.
 
Artıq “Neftçi” AFFA-dan, PFL-dən umduğu güzəştlərdən də məhrumdu. Çünki “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanmaqla bizi bakılıların, xüsusilə də Böyükağa Hacıyevin minnətindən qurtardı. Ağdamlılar qrupda bir az çox xal yığsa, “Neftçi”nin xarizması da tapdaq-tapdaq olacaq. Respublika stadionunun qazonu kimi…
Shares: