İnsan alınmayan bir işin dalınca qaçanda bezir, yorulur. Qurban Qurbanov da ardıcıl olaraq Avropa Liqasının qrup mərhələsində öz komandasına yer etmək üçün dəfələrlə Avropanın qapısını döyürdü. Qəbula düşə bilmirdi.
 
Qapı arxasında gözləyən gənc adam nə bezdi, nə də şikayət etdi. Nəhayət, heç bir tapşırıq, göstəriş olmadan öz alın təri ilə istəyinə çatdı.
 
Vaxtı ilə Qarabağda Xan Şuşinskinin səsi gələrdi. Axşam üstü Qarabağdan havalanardı xanın səsi. İndi Xanı Qurban bəy əvəz edir. Kapitan Rəşad Sadıqovun rəhbərlik etdiyi instrumental ansambılın başçılığı ilə Qurbanov qastrol səfərində elə zilə qalxdı ki.
Onun ifasında səslənən "Qarabağ şikəstəsi" bizləri məst etdi. Barışılmaz düşmənimiz olan erməni dığalarının isə qulaqlarından qan gətirdi. O, həm də Qarabağın Azərbaycanın bir parçası, döyünən ürəyi olduğunu bir daha isbatladı. Gənc adam bir daha sübut etdi ki, Qurbanov tanrı tərəfindən Azərbaycan futbolunun xilasgarı kimi göndərilib. Qurbanov təvəzökarlıqdan bunu qəbul etməsə də, bu, belədi!
 
Mən bu uğuru təkcə ölkə futbolunun adına yazmıram. Bu uğur həm də Azərbaycan dövlətinin xaricdə apardığı siyasətinə təkan verəcək. Bu, həm də yadelli düşmənlər üzərində qazanılan qələbədi. Bu, həm də dünən Hollandiyada oyunu izləyən ermənilərə göz dağı idi. Bəlkə onların ürəyin dərinliyində də "Qarabağ" sevgisi yarandı. Bəlkə onlar da öz-özlərinə nifrət etdi. Bəlkə də… Qoy bundan sonra mənfur düşmənlərimiz nə qədər yalançı təbliğatlar aparırlarsa, aparsınlar. Faydası nədi?
 
"Qarabağ Şikəstəsi"nin müəllifi isə klub prezidenti Abdulbari Gözəldi. O, 7 notu – do, re, mi, fa, sol, lya, si-ni elə yeddi hərfli komandasının uğuru üçün not dəftərinə elə gözəl yazmışdı ki. Bir bəstədə REynaldo DOs santos Sİlva notları ola… Ancaq budəfəki səhnə daha çılçıraqlı, daha möhtəşəm və daha geniş olacaq. Sözsüz ki, bu durumda ansambılın tərkibini genişləndirmək mütləqdi. Gözəl bəy mütləq Qurbanovun çıxışını nəzərə alıb, onun möhtəşəm səhnələrdə çətin duruma düşməməsi üçün gənc çalışdırıcıya dirijorluq etməlidi. Düzdü, vaxt da azdı. Yerli çempionatda limit problemi də var. Amma onu da nəzərə almaq lazımdı ki, belə şans hər dəfə ələ düşmür.
 
"Qarabağ"ın dünənki uğrundan sonra müxtəlif fikirlər səsləndi. Kimisi xalq komandası kimi "Neftçi"nin, kimisi də "Qarabağ"ın bu ada layiq olduğunu dedi. Ancaq mən deyilənlərin heç biri ilə razılaşmıram. Mənim fikrimcə, nə "Neftçi", nə də "Qarabağ" xalqın komandası deyil. Neft xalqın sərvəti, Qarabağ da dərdidi. İkisi də bizə qismət olsa, o zaman bir fikirdə dayanmaq olar. Hələ ki, ikisi də bizim üçün əlçatmaz görünür. Amma hələlik…
Shares: