Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Qarabağ” klubunu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib. Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytına danışan Musayev “Qarabağ”ın uğur qazanmasını ölkədə idmana göstərilən dövlət qayğısı ilə əlaqələndirib.
PFL prezidenti eyni zamanda, Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyən “Neftçi”nin çıxışını da təqdirəlayiq hesab edib: “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanması, “Neftçi”nin isə pley-off mərhələsinə qədər irəliləməsi ilk növbədə ölkədə idmana göstərilən dövlət qayğısının nəticəsidi. Cənab Prezident İlham Əliyev idmanın inkişafını daim diqqət mərkəzində saxlayır. Məhz bunun nəticəsidi ki, 2 il öncə “Neftçi”, dünən isə “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bütün bunlar sevindirici məqamdı. Sözsüz, biz istərdik ki, hər iki komandamız Avropa Liqasının qrup mərhələsində eyni zamanda çıxış etsin. Amma futbolda məğlubiyyəti də qəbul edib, ondan nəticə çıxarmaq lazımdı. “Qarabağ”ın Avropa Liqasında oynaması ölkədə futbolun inkişaf etməsinin göstəricisidi. Düzdü, AFFA və PFL-i işləməməkdə günahlandıranlar var. Lakin faktdı ki, AFFA rəhbərliyi dəyişdikdən sonra bu tip uğurlara imza ata bilmişik. Rövnəq Abdullayev AFFA prezidenti təyin olunduqdan sonra futbolun keçdiyi inkişaf yoluna nəzər salaq. Vaxt var idi ki, komandalarımız 1 mərhələ keçəndə bayram edirdik. Amma bu gün biz qrup mərhələsini uğur sayır və irəli baxırıq. İki il öncə isə “Neftçi” bizi bu nəticə ilə sevindirmişdi. Dünən “Neftçi” pley-offda dayansa da, onları da təbrik edirəm. Biz işimizi tam görməmişik. Bundan daha yaxşı nəticələrə imza atmağa çalışacağıq. Ümidvaram ki, gələcəkdə qrup mərhələsində oynayacaq komandalarımızın sayı daha da artacaq. Azarkeşlərimiz bu sevinc anlarını yaşamağa layiqdilər. Mən “Qarabağ”la yanaşı, “Neftçi”ni də təbrik edirəm. Bəlkə də məni bu təbrikə görə günahlandıra bilərlər. Amma unutmayaq ki, “Neftçi” qrupun bir addımlığında dayanıb”.
Ramin Musayev son uğurların memarlarının yerli məşqçilər olduğunu da əlavə edib: “Mənim sözlərimi bəzən başqa cür başa düşürlər. Amma bu bir həqiqətdi ki, çempion komandaya da, kubokun sahibi olan komandaya da yerli məşqçi rəhbərlik edir. Bu gün pley-off mərhələsində dayanan və qrup mərhələsinə adlayan da yerli məşqçidi. Bəzən futbol ictimaiyyəti haqsızlığa yol verir. Amma bir qədər sakit şəkildə analiz etsələr, görərlər ki, bu ölkədə futbol həqiqətən də inkişaf edir”.