"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin futbolinfo.az saytına müsahibəsi
– "Qarabağ" tarixində ilk dəfə Avropa Liqasında qruplara vəsiqə qazandı. Bu tarixi hadisəni necə şərh edərdiz?
– Həqiqətən də bizim üçün ağır oyun oldu. "Qarabağ" ilk oyunda "Tvente"yə qarşı öz gücünü göstərsə də, qalib gələ bilmədi. Hesab edirəm ki, səfərdə də pis təsir bağışlamadıq. Çalışırdıq ki, minimal dərəcədə az səhv edək. Çox xoşbəxtik ki, arzumuza çatdıq və Avroliqanın qrup mərhələsinə vəsiqə qazandıq. Rəqib azarkeşlərinin qarşısında oynamaq həqiqətən də çətin idi. Nəticədə bunu bacardıq və bütün Azərbaycanı, azarkeşlərimizi sevindirdik. Bu uğurlarımızın ardı gələcək.
– Artıq qrup mərhələsindəki rəqibləriniz də məlumdu. İtaliya nəhəngi "İnter", Fransa "Sent-Etyenn"i və Ukrayna təmsilçisi "Dnepr"lə eyni qrupda yer aldınız. Rəqiblərinizi necə dəyərləndirərdiz?
– Bu rəqiblər haqqında nəsə danışmaq deyəndə ki, hər şey məlumdu. Necə rəqib olduqlarını hamı bilir. Səviyyəli klublardı. Bizi çox ağır oyunlar gözləyir. "Qarabağ" çalışacaq ki, qrup mərhələsində də layiqli çıxış etsin və öz gücünü belə səviyyəli komandalara qarşı da sınasın. İnanıram ki, meydana çıxıb, yaxşı oyun göstərsək, problemimiz olmayacaq. Çalışacağıq ki, yenə də azarkeşlərimizi sevindirək.
– Həmin qrupda olmamasını istədiyiniz komanda hansı idi? Oradakı hansı rəqib sizə daha çox çətinlik yarada bilər?
– Hesab edirəm ki, fərqi yoxdu. Çünki komandalara baxanda görürsən ki, hamısı güclüdü. Onlara qarşı oynamaq çox çətin olacaq. İki güclü komandaya qarşı oynayasan, amma üçüncüsü hardasa sizə uyğun rəqib olsun. Yenə də fərqi yoxdu ki, istər "Tottenhem" olsun, istər "İnter"… Əlbəttə ki, istəməzdik ki, belə güclü rəqiblər düşsün. Amma qayda elədi ki, zəif komandalarla düşmək mümkün deyil.
– Deyə bilərikmi ki, bu rəqiblər ürəyinizcə olmadı? Çünki başqa qruplarda nisbətən asan rəqiblər var idi?
– Belə baxanda, qrup mərhələsində asan rəqib yoxdu. Yenə də bizim oyunumuzdan çox şey asılıdı. Ola bisin ki, "İnter" bizdən qat-qat güclüdü. Amma biz həmin rəqiblərin heç birinə qarşı qorxa-qorxa oynamayacağıq. İtiriləcək heç nə yoxdu. Sadəcə olaraq, çıxıb səbirli, ağılla öz oyunumuzu nümayiş etdirəcəyik.
– İki il bundan öncə Avropa Liqasının qrup mərhələsində "Neftçi" "İnter"i məğlub edə bilməmişdi. Sizcə, "Qarabağ" "Neftçi"dən daha fərqli oyun göstərə biləcək?
– "İnter" son dövrlərdə nə qədər zəif çıxış etsə də, İtaliyanın irəlidə gedən komandalarındandı. Düzdü, həmin komanda haqqında hələ ki, tam informasiya almamışıq. Bu səbəbdən də, onun hazırkı vəziyyəti ilə bağlı dəqiq heç nə demək olmaz. Belə baxanda, onların futbolçularının fərdi ustalığı, komanda oyunu bizdən yüksəkdi. Amma hər şey bizdən asılıdı. Həmin rəqiblərin hamısı yaxşı analiz edib, öyrənəcəyik. Belə deyək ki, artıq qarşımızdakı rəqib Malta təmsilçisi deyil, Milan "İnter"idi. Çalışacağıq ki, rahat şəkildə öz oyunumuzu oynayaq.
ELMAR VƏLİYEV