Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq son Azərbaycan çempionu "Qarabağ"ın rəqibləri məlumdu. Futbolinfo.az xəbər verir ki, bu gün Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində Ağdam klubunun rəqibləri İtaliyanın "İnter", Fransanın "Sent-Etyenn" və Ukraynanın "Dnepr" klubları oldu.
 
Yeni mövsümə 9 qolla başlayan İtaliya nəhəngi
 
Sözsüz ki, təmsilçimizin rəqibləri arasında ən diqqət çəkəni vaxtı ilə "Neftçi"nin bu yarışda rəqibi olmuş İtaliya "İnter"idi. Maraq üçün bildirək ki, milanlılar  2 il bundan öncə "Neftçi "ilə qarşılaşmada Bakıda "ağ-qaralar"ı 3:1 hesabı ilə məğlub etsə də, doğma azarkeşləri önündə bunu təkrarlaya bilməmişdi – 2:2.
 
Ölkəsinin və dünyanın ən nüfuzlu klublarından olan "İnter" 1908-ci il martın 9-da yaradılıb. İtaliya klubunun rəngləri mavi və qaradı. Bu rənglər klubun yarandığı ildən bu yana "İnter"in formasında öz əksini tapıb. "Qarabağ" Milan şəhərinin təmsilçisi ilə səfərdə 82 min azarkeş tutmuna malik olan "Cüzeppe Meatsa" stadionunda oynayacaq. Maraq üçün bildirək ki, sözügedən arena həm də eyni şəhərin təmsilçisi olan "Milan" klubunun ev oyunlarını qəbul edir. "Rossonyerlər" bu stadionda görüş keçirəndə stadion "San Siro" adlandırılır.
 
18 dəfə İtaliya çempionu olan "İnter" 7 dəfə də ölkə kubokuna yiyələnib, 5 dəfə İtaliya Superkubokunu qazanıb. 3 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Avropa Liqasının, 1 dəfə UEFA Superkubokunun qalibi olan bu klub 1 dəfə də FİFA Klublararası Dünya çempionatının qalibi adını qazanıb.
 
Klubun prezidenti indoneziyalı iş adamı Erik Tohir, baş məşqçisi isə Valter Matsaridi. Komandanın kapitanı İtaliya millisinin də üzvü olan Andrea Ranokkyadı. Komandaın heyətində 6 italyan, eyni sayda argentinalı, 4 braziliyalı  futbolçu var. Serbiya millisinin üzvü olan Nemanya Vidiç, argentinalı Rodriqo Palasio, Sloveniya yığmasının qapıçısı Samir Handanoviç komandanın aparıcı simalarındandı.
 
İllik gəliri 455 milyon avroya yaxın olan "İnter" ötən il ölkə çempionatını 5-ci pillədə başa vurduğu üçün Avropa Liqasının pley-off mərhələsindən mübarizəyə qoşulub. Bu mərhələdə İslandiya "Styarnan"ı ilə qarşılaşan italyanlar səfərdə 3:0, doğma meydanda 6:0 hesabıyla qalib gələrək, qrup mərhələsinə yüksəliblər. Milanlılar geridə qalan mövsümdə keçirilən 38 oyunun 15-də meydanı qalib, 8-də isə məğlub kimi tərk edib. Komanda qazandığı qələbələrin sayı qədər də heç-heçə edib. Ötən mövsüm rəqib qapılarından 62 top keçirən Valter Matsarinin yetirmələri öz qapısında 39 qol görüb. 2013/14 mövsümündə "İnter" çempion olan "Yuventus"dan nə az, nə çox, düz 42 xal geri qalıb.
 
Türkiyə millisinin üzvü Bakıya rəqib kimi gəlir
 
Ötən gecə Türkiyənin "Karabükspor" klubunu yalnız penaltilər seriyasında məğlub edərək qruplara qalmağı bacaran "Sent-Etyenn" Fransanın eyni adlı şəhərinin təmsilçisidi. Bu klub Liqa 1-də əldə etdiyi 10 çempionluqla ölkəsinin ən çox uğur qazanan komandalarından biridi. Klubun əzəli rəqibi Lion "Olimpik"idi. 1919-cu ildə yaranan kluba Bernard Kayatso və Rolan Romeyer rəhbərlik edir. Komandanın baş məşqçisi isə Kristop Qaltyerdi.
 
Oyunlarını 40 800 nəfərlik azarkeş tutumuna malik "Stade Geoffroy-Guichard" stadionunda oynayan "ağ-yaşıllılar" ötən mövsümdə 69 xal toplayaraq, çempionatı 4-cü pillədə başa vurub.
 
Fransa təmsilçisinin heyətində bir sıra tanınmış simalar var. Bunlar Françoys Klerk, Romanin Hamuma, Banel Nikolita, Maks Qradel, Brandao və Türkiyə millsinin üzvü Mevlut Erdinçdi.
 
Komandanın sonuncu çempionluğu 33 il əvvələ təsadüf edir. Ölkə kubokunu 6 dəfə qazanan fransızların beynəlxalq arenada ən böyük uğuru o vaxtlar UEFA Çempionlar Kubokunun finalına çıxmaq olub. Həmin qarşılaşmada Almaniya nəhəngi "Bavariya"ya 0:1 hesabı ilə məğlub olan fransızlar qızıl medaldan əlini üzməli olublar. Yeni mövsümdə "Qarabağ"ın rəqibi ölkə çempionatına uğurlu başlayıb. Belə ki, Fransa çempionatının geridə qalan 3 turunda "Sent-Etyenn" məğlubiyyətin nə olduğunu bilmir. İlk turda səfərdə "Genqam"ı 2:0 məğlub edən "ağ-yaşıllılar", növbəti oyunda "Reyms" üzərində 3:1 hesablı qələbə qazanıb. 3-cu turda isə "Renn"lə qolsuz heç-heçəyə razı olub.
 
Keçmiş futbolçusu "Qarabağ"a qarşı
 
1918-ci ildə yaranan "Dnepr" ev oyunlarını 31 min azarkeş tutumu olan "Dnepr Arena"da keçirir. 90 milyon dollarlıq büdcəsi olan klub bu vaxta qədər Ukrayna çempionu olmayıb. Klubun əksər uğuruları SSRİ-nin vaxtına təsadüf edir. Belə ki, həmin dönəmdə "Dnepr" 2 dəfə SSRİ çempionu olub, 1 dəfə SSRİ Kubokuna, 1 dəfə SSRİ Super Kubokuna sahib çıxıb. İki dəfə ölkə çempionaının gümüş mükafatçısı olan "göy-ağlar", eyni sayda da bürünc medalları qazanıb. "Qarabağ"ın rəqibi 3 dəfə Ukrayna Kubokunda final oynayıb, 1 dəfə isə İntertoto Kubokunun finalına yüksəlib.
 
"Dnepr" ötən mövsümü ikinci pillədə başa vurduğu üçün Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ancaq Danimarka "Kopenhagen"ini mübarizədən kənarlaşdıra bilməyən (evdə 0:0, səfərdə 0:2) ukraynalılar çıxışını Avropa Liqasının pley-offunda davam etdirməli olub. Avroliqanın pley-offunda isə "Dnepr" "Qarabağ"ın rəqibi olmaq üçün Xorvatiya "Hayduk"unu mübarizədən kənarlaşdırıb – evdə 2:1, səfərdə 0:0.
 
Maraq üçün bildirək ki, 2006/07 mövsümündə Ağdam klubunun şərəfini qorumuş Sergey Kravçenko hazırda "Dnepr"da çıxış edir. Komandanın prezidenti İqor Kolomoyski, baş məşqçisi Miron Markeviçdi.
Shares: