Bu gün Gənclər və İdman naziri Azad Rəhimov ilə FIFA Çimərlik Futbolu Komitəsinin üzvü və BSWW (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Joan Cusco arasında görüş keçirilib. Futbolinfo.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin də iştirak etdiyi görüşdə ölkəmizdə futbolun bu növünün inkişafı ilə bağlı görülən işlər müzakirə edilib.
 
Qeyd olunub ki, 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında idman növlərindən biri də çimərlik futboludu və bu amil Azərbaycanda çimərlik futbolunun təbliği və inkişafına zəmin yaradacaq.
 
Joan Cusco görüş üçün təşəkkür edib, çimərlik futbolunun Azərbaycanda qısa müddət ərzində inkişaf yolu keçdiyini bildirib, hazırda Bakıda keçirilən Çimərlik Futbolu üzrə Avropa Kuboku turnirinin yüksək səviyyədə təşkil olunduğunu deyib.
 
Gənclər və İdman naziri Azad Rəhimov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvləri ilə də görüşüb. Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi iştirak edib. Rəhimov 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə oyunların keçiriləcəyini xatırladaraq millimizin layiqli mübarizə aparacağına inandığını bildirib, komandaya uğurlar arzulayıb. AÇFF-nin prezidenti Fərid Novruzi milli komandanın futbolkasını Azad Rəhimova hədiyyə edib.
 
Görüşün sonunda nazir millinin üzvləri ilə xatirə şəkli çəkdirib. (AFFA)
Shares: