Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldo ölkəsinin telekanllarının birinə müsahibə verib. Futbolinfo.az xəbər verir ki, portuqal ulduz bir çox maraqlı məqama toxunub. O, əvvəlcə karyerası boyunca çalışdığı məşqçilərlə olan münasibətlərindən danışıb:
 
"Çalışdığım məşqçilərdən təkcə Aleks Ferqyusonla dost münasibətim olub. Pelleqrini və Ancelotti ilə də aramız yaxşıdı. Ancaq mən futbolda dost yox, uğur qazanmalıyam. Mourinyo "Real"da olanda komandada pis atmosfer varıydı. Bəzilərində şəxsi səviyyədə problemlər yaranırdı. Digər oyunçular və azarkeşlərlə münasibəti bir-birindən çox fərqlənirdi".
 
Ronaldo "Barselona"nın futbolçusu Lionel Messinin DÇ-2014-ün ən yaxşı futbolçusu seçilməsinə də münasibət bildirib: Düşünürəm ki, bütün dünya hər şeyi gördü. Artıq insanlar olanları özləri üçün təhlil ediblər. Əslində maraqlı sualdı. Messinin özündən soruşun. Bu mükafata layiq idimi? Bu suala səmimi cavab verə bilmərəm (gülür). Əgər düşündüklərimi danışsam, məni həbsxanaya salarlar”.
 
Kriştianu Çempionlar Liqasındakı rəqibləri “Liverpul”dan da danışıb: “5:0? Mən orda olmamışam. İndi hər şey fərqli olacaq. Hər oyunun öz tarixçəsi var. Bizim yeni komandamız var. "Liverpul" da dəyişib. "Liverpul"a qarşı oynayacağıma görə sevinirəm. "Real"ın futbolçusu kimi "Enfild"də meydana çıxmamışam. Səbrsizliklə bu matçı gözləyirəm. Bilirəm ki, o stadionda oynamaq asan deyil. Ancaq biz "Real"ıq".
Xatırladaq ki, bu iki komanda sonuncu dəfə 2008/2009 mövsümündə üz-üzə gəlmişdi. "Mersisaydlılar" evdə 4-0, səfərdə isə 1-0 hesabıyla Madrid klubunu məğlub etmişdi.
Shares: