Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən "Araz Naxçıvan" çempionatdan çəkilmək qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, bu barədə klub "feysbuk"dakı səhifəsində bəyanat yayıb.
Bəyanatda bildirilir: "Buna səbəb komandanın son iki turda üzləşdiyi hakim səhvləridi. İlk olaraq, Qəbələdə keçirilən (2-ci tur) matçda hakim Rəhim Həsənovun 19-cu dəqiqədə qayda pozuntusu olmadan "Araz Naxçıvan"ın qapısına təyin etdiyi penalti komandanın məğlub olmasına səbəb olmuşdu. Buna etiraz etməyən klub növbəti turda da eyni aqibətlə üzləşdi. Bu dəfə "Sumqayıt"la 4-cü turda keçirilən matçda referi Ömər Paşayevin qərəzli qərarları "qırmızı-ağlar"ı çempionatdan çəkilməyə vadar edib. Oyunun ilk hissəsinin son dəqiqlərində rəqib qapısına gedən topu müdafiəçilər əli ilə qapı xəttindən çıxarsalar da, hakimin qərarı ağ nöqtə yox, künc zərbəsi olub. Görüşün son dəqiqəsində isə qapı xəttini keçmiş topu referi Paşayev qeydə almayıb. Səbəb kimi isə rəqib qapıçıya müdaxiləni göstərib.
Qeyd edək ki, oyunun hakim-inspektoru Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov olub.
İşi iş bilənə ver! Nə vaxta qədər oyun idarə edə bilməyən hakimlər stadionlarımızda fit çalacaq? AFFA, PFL və HK hara baxır?! Premyer Liqanın hər turundan sonra 2-3 hakim 3-4 oyunluq çempionatdan uzaqlaşdırılır. Demək ki, qərəzli qərarlar verən referilərə 3-4 oyunluq cəza onları qane etmir. Bu hara kimi davam edəcək? Ölkə prezidenti Cənab İlham Əliyevin "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair imzaladığı" sərəncama AFFA, PFL və HK-nin münasibəti göz qabağındadı.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hər zaman açıqlamalarında 11 futbolçu tapıb oynada bilmədiyindən şikayətlənir. Nə qədər ki bu qərarlar var, federasiya bu qərəzli qərarlara göz yumarsa, Azərbaycan futbolunun inkişafı barədə düşünməsin və millidə yalnız legionerlərin oynamasını qəbul etsin"!