"Araz Naxçıvan" başladı. Əslində, bəlkə də gecikiblər. İşə belə münasibət göstərən, futbolu qol gücü ilə qarışdıran klub idarəçiləri diqqəti öz bacarıqsızlıqlarından yayındırmaq üçün çoxdan belə hədələrə başlamalıydı.
Vaxtilə bir çox klubumuzun əl atdığı üsul naxçıvanlılar üçün də el dəbinə çevrilir. İş alınmayınca, güc yetməyincə bəhanələr, şuluqsalmalar, cığallıq başlayır. Qışqırmaqla, hay-küy salmaqla özünü haqlı göstərməyə çalışan əyalət klubu hansısa güzəşt qazanmaq üçün AFFA-nı hədələməyə başlayıb.
"Araz Naxçıvan" bəyanat yayıb. Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən klub guya çempionatdan çəkilmək qərarına gəlib. Buna səbəb isə komandanın son iki turda üzləşdiyi hakim səhvləridi. Qəbələdə və Sumqayıtdakı matçlarda hakim səhvlərindən əziyyət çəkdiklərini vurğulayan naxçıvanlılar hərəkətlərinə haqq qazandırmaq istəyir.
Əvvəla, onu vurğulayaq ki, “Araz Naxçıvan”ın bəyanatda qeyd edilən epizodlarla bağlı qeydləri tutarlı səbəb deyil. Videoyazıya baxıldıqda da bunu görmək olar. Bu klubda epizodu özlərinə sərf edən kimi görürlərsə, öz işləridi, amma reallıq tam fərqlidi. Xüsusilə “Sumqayıt”la oyundakı ilk epizoda görə müdafiəçini qınamaq olmaz. Onun ayağına dəyib istiqamətini dəyişən topdan yayınması mümkün deyil. Əl təbii vəziyyətdə olduğundan penaltidən söhbət belə gedə bilməz.
Lap tutaq ki, hakim səhvi olub, kimsə yanlışlığa yol verib, bundan ötəri çempionatdan qaçırlar? Yəqin indi ötən mövsüm I divizion klublarının sizinlə Naxçıvandakı oyunlarda nələr çəkdiyini yaxşı anlayırsız. Əlinizdən zəncir çeynəyirdilər, amma nə fayda – öz meydanınızda, “palatka toyu”nda hamını şapalaqlayıb udurduz. Elə bilirdiz şadlıq sarayında da sizin hava çalınmalıdı?
Bir həmkarımın sosial şəbəkədə yazdığı kimi, Premyer Liqa İğdır sərhəddi deyil ki, istədiyin vaxt girib-çıxasan. Hər şeyin yolu, yöntəmi var. Haxçıvanlılar həqiqətən fikirlərində ciddidilərsə, AFFA-ya, PFL-ə rəsmi müraciət etsinlər, qərarlarını klubun rəsmi saytında açıqlasınlar, daha sosial şəbəkədə yox. Bu hərəkət şantajdı, hədədi, real addım deyil. Düzünə qalsa, “Araz Naxçıvan” rəhbərliyinin çempionatdan çıxmağa heç cəsarəti də çatmaz.
Bəlkə də naxçıvanlılar mövsümün sonundakı biabırçılığı gördükləri üçün indidən bəhanə axtarırlar. Onsuz da bu heyətlə, bu səriştəsizliklə “Araz”ın sonuncu pillədə qərarlaşmaması möcüzə olardı. Ağıllı-başlı oyunçu transfer etməyən, kluba məhəllə komandası gözü ilə baxan naxçıvanlıların başqa perspektivi yoxdu. Ona görə də hay-küylə, böyük qardaşları “Neftçi” kimi şivən salmaqla güzəşt əldə etmək istəyirlər.
Təbii ki, AFFA, PFL də bu bəyanata barmaqarası baxmamalıdı. Düzdü, naxçıvanlıların hədəsinə görə yox, narazılıq olduğu üçün. Amma heç də məsələyə “Araz Naxçıvan”ın istədiyi qaydada baxmaq olmaz, yoxsa bir növ “adətkərdə olarlar”.
FƏRİD