"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində baş tutmuş "Simurq"la oyundan (2:1) sonra mətbuat konfrası keçirib. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Əvvəlcədən bilirdik ki, oyu ağır keçəcək. Çünki üç gün əvvəl "Partizan"la çətin oyunumuz olmuşdu və məğlub olmuşduq. Məğlubiyyətin psixoloji səddi bir tərəfdən, "Simurq" da bu tura kimi, məğlubiyyətsiz gəlmişdi. Bilirdik ki onlar böyük hazırlıqla gəlirlər. Digər tərəfdən burada legioner futbolçu limiti olduğu üçün bir az baş sındırmalı olduq. Uşaqlar sağ olsunlar ki, bizi məyus etmədilər. İki qol vurduq. Yenə də qol imkanlarımız var idi. Rəqibin də imkanları oldu. Şükürlər olsun ki belə bir vaxtda 3 xal qazana bildik.
– Bu gün də futbolçunuz öz qapısına qol vurdu. Bu avtoqolların axırı necə olacaq?
– Bu gündən istəyirəm təzə məşq prosesinə keçəm. Hər futbolçunun yanına bir oyunçu qoyam ki, öz qapısına vurmasınlar. Harada mübarizə var, orada səhvlər olmalıdı. Ancaq artıq avtoqolların sayı artıb. Ola bilər ki, o qapıya vura bilmirlər, acıqlarını öz qapılarından çıxırlar. Sabah bu mövzuya qayıdacağıq. Kənardan ötürmələrin üstündə də çox işləyirdik. Kardoso sağın əvəzinə sol ayağını atdı və avtoqol oldu. Futbolda belə şeylər olur. Yəqin ki, qabaqlayıcı söhbətlərimiz olacaq.
– Bu gün Bruno Bertuççi və Ernest Nfor heyətdə yox idi. Nfor tribunada idi. Amma Bertuççi görünmədi. Küsüb?
– Bertuççi artıq Braziliyadadı. Müalicəyə gedib. Yəqin ki, yaxın günlərdə Nfor da müalicəyə gedəcək. Nforun fəqərə sütununda yırtıqlar tapılıb. Məqsəd İsayev də bu gün Bertuççinin yoxluğunu hiss etdirmədi. O bu gün ən yaxşılardan idi. Cavan olduğuna görə onu Avroliqada oynatmırdım. Baxmayaraq ki, Məqsəd bu gün yaxşı idi. Amma o, bəzi mövqe səhvləri etdi. Vaxt gələcək Məqsəd Azərbaycanda tanınan biri olacaq.
– Açıqlamanızda demişdiz ki, mənə fiziki hazırlıq üzrə məşqçi lazım deyil. Amma məşqçi gətirdiz…
– Yoruldum. Mən bütün sahələrə çatdıra bilmirəm. Həm fiziki hazırlıq, həm taktika ver, analiz et… bu üç ildə çox əziyyət çəkdim. Yeni məşqçi də xoşuma gəlir. Dünən hazırlıq keçdi. Bu gün də komandanın oyuna hazırlığını ona verdim. Savadlı məşqçisi. Heç vaxt onunla ispaniyalı Rubeni müqayisə etmək olmaz. İnanıram ki mənə çox kömək edəcək. Bu, Rubendən daha yaxşıdı.
– Güloğlan Cabbarov açıqlamasında deyib ki, Sadıq Sadıqovun yerində olsaydım, "Partizan" məğlubiyyətinin səbəbkarlarını dərhal qovardım. Bu sözü öz üzərinizə götürmürsüz ki?
– O, Güloğlan Cabbarovun öz fikiridi. Kimlərisə qovmaq, kimlərisə saxlamaq… Komanda qalib gələndə Güloğlan Cabbarov və onun kimilər deyir ki, biz qalib gəldik. Komanda məğlub olanda isə hamı dönüb, Böyükağa Hacıyevə baxır. Qalibiyyəti mənimlə bölən kimi, məğlubiyyəti də bölməlidirlər. Əgər biz hamımız varıqsa… Belə deyilsə, nə Böyükağa Hacıyevin qalibiyyətini, nə də məğlubiyyətini öz üzərilərinə götürsünlər.
– Mirkamil Həşimlidən qarşıdakı oyunlarda istifadə edəcəksiz?
– Bəli. Yaxın gələcəkdə siz onu meydanda görəcəksiz. Çünki o uşaq bir az adaptasiya keçir. O uşağın çox böyük potensialı var. Onu əvəzedici komandaya verməyəcəm. Artıq Cavid İmamverdiyev klubdan ayrılıb və onu yerinə oyunçu lazımdı. Onun necə məktəb keçdiyi hiss olunur. Yerdə qalanları biz həll edəcəyik.
– Nikolas Kanales artıq bir neçə oyundu ki, meydana çıxır. Onun çıxışı sizi qane edir?
– Biz Kanalesi tanımasaq, ona şübhə ilə yanaşarıq. Çətini ayağı açılana, bir qol vurana kimidi. Ardı gələcək. Mən Kanalesə özümdən artıq inanıram.