“Simurq”un futbolçusu Rəşad Eyyubov dünən “Neftçi” ilə oyunun son dəqiqələrində Saşa Stamenkoviçlə təkbətək qaldığı epizodda fərqlənsəydi, çox şey dəyişəcəkdi. Bu, heç də təkcə oyunun nəticəsinin fərqli olması ilə nəticələnməyəcəkdi. Zaqatalalılarla görüşdəki xal itkisi Bakı klubunu bir-birinə vuracaqdı.
 
“Neftçi”də vəziyyət onsuz da gərgindi. Hazırda klubda bir neçə post rəsmən boşdu, qeyri-rəsmi işçilər isə bir neçə nəfərdi. Klub prezidenti Sadıq Sadıqov konkret qərarlar verməyə, kiminlə işləyəcəyini müəyyənləşdirməyə tələsmir. Bu səbəbdən həm də klubda hakimiyyət uğrunda mübarizə gedir.
 
Bir çox (qeyri-rəsmi) klub rəsmilərinin KİV-də, eləcə də sosial şəbəkələrdəki eyhamlı açıqlamalarından isə başa düşmək olur ki, hamı baş məşqçi Böyükağa Hacıyevdən narazıdı. Avrokuboklarda tarixi ərzində ən uğurlu püşkdən yararlanıb qrupa düşməyi bacarmayan klubda hər kəs bunun günahkarı kimi çalışdırıcını nişan verir. Komandanın fiziki hazırlığının bərbad durumda olmasının, oyun planında aşkar geriləmənin, futbolçuların öz səviyyəsindən aşağı çıxış etməsinin birbaşa günahkarı olan Böyükağa bəy hamının səbr kasasını daşırıb. Ona inam o qədər azalıb ki, hətta fiziki hazırlıq üzrə yeni məşqçi də ondan xəbərsiz gətirilib.
 
“Simurq”la oyun Hacıyevin məşqçi kimi bacarıqsızlığını növbəti dəfə göstərdi. Zaqatala klubu qol vurub hesab arasında fərqi azaldandan sonra “Neftçi” oyunu tamamilə əldən vermişdi. Orta sahəsi demək olar, boş qalan komandada hücumla müdafiə arasındakı əlaqə itmişdi. Bundan yararlanan qonaqlar ardıcıl təhlükəli hücumlar təşkil edirdi ki, bir neçə dəfə qapıçı və müdafiəçilər son anda xilaskara çevrildi, eləcə də “Simurq”un futbolçuları dəqiq oynamadı. Təşvişə düşən “Neftçi”nin məşqçilər korpusu 2 dəyişikliklə vəziyyəti düzəltməyə çalışsa da, rəqibin təzyiqi bitmirdi. Flavinyonun dayaq yarımmüdafiəçisi kimi oynadılması isə ümumiyyətlə, fiasko idi.
 
Vəziyyətin nəzarətdən çıxdığını görən “Neftçi” rəsmiləri məşqçilərin işinə qarışmalı oldu. Məhz tribunadan edilən zəngdən sonra Hacıyev Erik Ramosu meydana buraxdı. Bu legioner oyuna daxil olan kimi orta sahəni toparladı və rəqibin üstünlüyünü “əritdi”. Bu fakt isə həm də onu göstərdi ki, hətta sıravi klub işçiləri də futbolu Hacıyevdən yaxşı bilir, pafoslu danışmaq yox, həqiqi bacarıq göstərmək lazımdı.
 
Yəqin ki, Ramosun meydana daxil olması bir neçə dəqiqə də yubansaydı və ya Rəşad Eyyubov əlinə düşən imkanı qola çevirsəydi, indi “Neftçi”nin yeni baş məşqçisini müzakirə edirdik. Amma qələbə Hacıyevin “Neftçi”dəki ömrünü ən azı növbəti tura kimi uzatdı. Sentyabrın 13-də “Xəzər Lənkəran” Bakıda məğlub edilməsə, ayrılıq qaçılmaz olacaq. Böyukağa bəyin 2 həftəyə yaxın vaxtı var. O, bu müddətdə fiziki hazırlıq üzrə yeni məşqçiylə birlikdə problemləri yoluna qoymalıdı. Əks halda Sadıq Sadıqov da dostundan üz döndərməli olacaq.
 
AĞA
Shares: