AZAL uzun fasilədən sonra yeni mövsümdə ilk qələbəsini qazandı. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdi. Şüvəlan təmsilçisinin qələbə toplarından birinin müəllifi Kərim Diniyev saytımıza müsahibə verərək həm Qəbələdəki qarşılaşma, həm də millimizin qarşıda Rusiya və Bolqarıstanla keçirəcəyi oyunlar haqda suallarımızı cavablandırıb:
– Yeni mövsümdə qazanılan ilk qələbəni necə şərh edərdiz?
– Həqiqətən də 2014-cü ildə bizim qələbəmiz olmamışdı. Uzun müddətdən sonra ilk qələbəni qazandıq. Bu qələbədə mənim də payımın olmasına çox sevinirəm. Komanda yoldaşlarıma da öz təşəkkürümü bildirirəm. Uzun müddətdən sonra "Qəbələ" kimi komanda üzərində, özü də səfərdə qələbə qazanmaq xoş hissdi.
– Sizin vurduğunuz qolu fərdi usatlığınıza yazmaq düzgündü, yoxsa Kamran Ağayevin səhvinə?
– Mən topu qəbul edib, qapıya zərbə endirdim. Desək ki, Ağayevin səhvi var idi, düzgün çıxmaz. O, bizim böyük qardaşımızdı. Həqiqətən də gözlənilməz oldu. Heç kim gözləmirdi ki, o məsafədən zərbə vuracam. Belə olmalıydı, belə də oldu.
– Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Sizcə, qələbənin ardı gələcək?
– Mən özüm inanıram ki, həmin oyunda nəticə qazanacağıq. Çünki komandada ruh yüksəkliyi var. Bundan başqa "Qəbələ" üzərində qazanılan qələbə bizim qara zolaqdan çıxmağımıza kömək oldu. Komandamız üç xal üçün vuruşacaq.
– Ağdam klubunun Avropa Liqasında mübarizə aparması sizin işinizi asanlaşdıra bilər?
– Mən belə düşünmürəm. Çünki onların ilk oyunu ilə arada 6 gün vaxt var. Mənə elə gəlir ki, "Qarabağ" yaranmış fasilədə əsas heyət oyunçularının oyun praktikasını itməsini istəməz. Onlar çempionatdakı oyunun da vacibliyini bilirlər.
– Bu dəfə U-21 yığmasının Bakıdakı təlim-məşq toplanışına çağırılmadız. Bunun səbəbini nədə görürsüz?
– Bunu baş məşqçi Bernard Lippert daha yaxşı bilər. Bu, baş məqşçinin qərarıdı. Ona da hörmətlə yanaşıram. Baş məşqçi məni çağırmırsa, Allah onun canını sağ eləsin!
– Bu dəfə U-21 yığmasına 9 nəfər "Sumqayıt"dan çağırılıb. Sizcə, digər klubun oyunçularına niyə elə də şans verilmir?
– Mən məsələyə bu prizmadan yanaşmazdım. Yəqin ki, güclü oyunçuları "Sumqayıt"da görürlər. Milli komandaya xeyir verə biləcək futbolçuları çağırılar. Mənə elə gəlir ki, bunun hansı klubda olmasının adiyyatı yoxdu. Kim hazırdısa, onu da çağırırlar.
– Qeyd etdiz ki, yığmaya güclü futbolçuları çağırırlar. Özünüzü zəif futbolçu hesab edirsiz?
– Lippert yəqin, məni indiki durumuma görə zəif hesab edir. Ona görə də milliyə çağırmır. Başqa bir səbəb görmürəm. Onunla hər zaman şəxsi münasibətlərim yüksək səviyyədə olub. Mən ona hörmət etmişəm. O da bütün futbolçulara eyni münasibəti bəsləyib. Özümü zəif futbolçu hesab etmirəm. Hər zaman millidə çıxış etmək üçün hazıram.
– Milliləşdirilmiş futbolçuların yığmaya çağırılmasına münasibiniz necədi?
– Fikrimcə, bu, normal haldı. Bu, dünya praktikasında da var. Almaniya millisində də var. Sadəcə, elə futbolçular çağırmaq lazımdı ki, yerli futbolçulardan üstün olsun. Komandaya kömək edə bilirlərsə, onları azərbaycanlı hesab etmək olar. Etməyəcəklərsə, onları çağırmağın mənası yoxdu.
– Qarşıda əsas yığmamız Rusiya ilə yoldaşlıq, daha sonra isə Bolqarıstanla rəsmi matça çıxacaq. Millinin bu oyunlarda şanslarını necə dəyərləndirirsiz?
– Rusiya ilə oyun təcrübə xarakterli olacaq. Moskvadakı görüş Bolqarıstanla oyuna hazırlıq baxımından önəmlidi. Baş məşqçi Berti Foqts Bolqarıstanla oyuna çıxaracağı əsas heyəti müəyyənləşdirəcək. Bolqarıstanla oyunda isə çətin olacaq. Klub səviyyəsində də güclüdülər. İnşallah, çalışıb xal və xallar qazanmaq lazımdı Seçmə mərhələdə uğurlu çıxış etməyin təməlini ilk qarşılaşmada qoymaq lazımdı. Doğma azarkeşlər önündə oynamaq əlavə stimuldu. Bizim azarkeşlərə inanıram ki, tribunaları dolduraraq, komandamızı qələbəyə səsləyəcək.
EMİN SƏFƏROV