"Qarabağ" rəhbərliyi Ağdam klubu ölkə çempionu olduqdan sonra kubokun Ağdama aparılacağına dair azarkeşlərinə söz vermişdi. Nəzərdə tutulan səfər xeyli yubansa da, bu gün reallaşdı.
Maraq üçün bildirək ki, "Qarabağ"ın Ağdama yollanacağı tarix anidən açıqlandı. Bu səbəbdən təşkilatı məsələlər yüksək səviyyədə görülmədi. Belə ki, nə Ağdamda yaşayan yerli sakinlərin bundan xəbəri oldu, nə də Bakıda fəaliyyət göstərən klubun azarkeşləri gözlənilməz səfərə hazır idi. Əks halda səfəri daha yaxşı, daha təmtəraqlı etmək olardı. Bu azmış kimi komandanın aparıcı üzvlərindən yalnız Maksim Medvedev Ağdama yollandı. Maksimlə yanaşı əsas heyətə düşməkdə çətinlik çəkən qapıçı Fərhad Vəliyev və Namiq Yusifov da səfərə getdi. Futbolçulara və məşqçilər korpusuna vitse-prezident Tahir Gözəl rəhbərlik edir. Görünür, "Bakı" ilə oyunda belə qapıya keçməyən Fərhad Vəliyevin "Qarabağ"dakı missiyası yalnız bu cür işlərdən ibarətdi. Halbuki azarkeşlərin sevimlisi olan Reynaldo, Almeyda kimi əcnəbilərin, eləcə də komandanın ağdamlısı olan Vüqar Nadirovun səfərə çıxmağı özünə borc bilməsi lazım idi.
Ən maraqlı məqam ondan ibarətdir ki, vaxtı ilə "Qarabağ"ın Quzanlıdakı oyunlarında stadion tam dolsa da, bu dəfə azarkeşlər doğma klublarına bir o qədər maraq göstərməyib. Belə ki, kuboku görmək üçün stadiona 200 nəfərdən artıq azarkeş gəlməyib. Halbuki təbliğat işi daha yaxşı qurulsaydı, yəqin ki, stadionda təşkil olunan şou-proqramı da nəzərə alaraq daha çox adam “Qarabağ”la görüşə gələrdi. Amma səssiz-səmirsiz səfərə çıxan komanda Ağdamda layiq olduğu qarşılanmanı görə bilmədi. Bu səbəbdən Quzanlı səfəri “getmək xatirinə getmək”dən başqa bir şey olmadı.