Topaz Premyer Liqasında yaranmış fasilə geridə qalan 4 tura bir daha nəzər salmaq imkanı yaratdı. Komandaların çıxışı, göstərdiyi nəticələr növbəti tura kimi ciddi analiz ediləcək.
Təbii ki, nəticələrə birbaşa baş məşqçilər cavabdeh olduğundan onların taleyi də turnir cədvəlində tutduqları mövqedən asılıdı. Düzdü, baş məşqçi dəyişikliyi heç də həmişə həlledici məqam olmur. Amma yenə də uğursuz nəticələr müqabilində günahkar qismində gözlər məhz sükan sahiblərinə yönəlir.
Bəs, elita klublarımızda hansı məşqçilərin kreslosu laxlayır? İlk istefanı hansı klubdan gözləyək? Bu suallara idman jurnalistlərinin cavab verməsini istədik.
Natiq Muxtarlı (publika.az): “Bilirsiniz, Azərbaycan Premyer Liqası elə bir çempionatdı ki, orda başverənlərdən heç şeytan da baş çıxara bilməz. Çünki Azərbaycan futboluna və klublara rəhbərlik edənlər şeytana belə papış tikirlər. İstefa verilməsi gözlənilən komandada istefa gerçəkləşməz, əvəzində istefa gözlənilməyən komandada istefa baş verər. Ancaq məntiqə əsaslansaq, gərək indiyə kimi Oğuz Çətin istefaya gedəydi. Elə Böyükağa Hacıyev də çoxdan bulvarda domino oynamalıydı. Mənə elə gəlir ki, "Araz Naxçıvan"da başverənlər də Əsgər Abdullayevin yaxınlarda Naxçıvandan qovulacağına işarədi. Bu, məntiqin gətirdiyi nəticədi. Azərbaycan futbolunda isə məntiqin heç bir əhəmiyyətinin olmadığını nəzərə alsaq, sabah Qurban Qurbanov da "Qarabağ"dan istefa verə bilər. Yaxşısı budur, gözləyək və şeytana papış tikənlərin "oyununa" tamaşa edək. Papış hazır olan kimi istefalar da olacaq”.
Kənan Hakimov (ANS): “Məncə, “Qəbələ” və “Xəzər Lənkəran”da ola bilər. Səbəb bu komandaların qeyri-sabit çıxışıdı”.
Rəşad Ergün (komanda.az): “Məncə, erkən məşqçi istefasını daha çox "Xəzər Lənkəran" və "Qəbələ"dən gözləmək olar. "Xəzər Lənkəran" məşqçi göndərməyə adət edib. Ani uğursuzluqda Oğuz Çətin göndərilə bilər. "Qəbələ" isə Yuri Syomindən sonra heç cür toparlana bilmir. Çıxış yolunu Dorinel Muntyanunu göndərməkdə görə bilərlər”.
Ceyhun Əliyev (fanat.az): "Güman edirəm, "Neftçi". Klub rəhbərliyi Avropa Liqasında qrup mərhələsinə düşə bilmədiklərini həzm etməkdə çətinlik çəkirlər. Ancaq hesab etmirəm ki, bu, komandanın çıxışına müsbət təsir etsin”.
İlkin Fikrətoğlu (ATV): “Məncə, "Bakı" klubunda. Rəhbərlik uğursuz nəticələrin günahını İbrahim Uzuncada görəcək, o zavallı "suç keçisi" kimi qurban veriləcək. Onu yeni – daha iddialı məşqçiylə əvəzləmək istəyi də ola bilər. Əgər "Bakı" rəhbərliyinin dediyi kimi, yaxın zamanlarda maliyyə vəziyyəti düzəlsə".
Pərviz Eltürk (futbolinfo.az): "Neftçi" variantı daha inandırıcı görünür. Hər halda bu klub ətrafında baş verənlər Böyükağa Hacıyevin istefasının çox yaxınlarda olduğunu göstərir. Amma istisna deyil ki, gələndən bəri çoxlu xərc çəkdirərək "Qəbələ"yə xeyli yeni oyunçu gətirmiş, hər həftə bir futbolçusu ilə qalmaqalda adı çəkilən, göstərdiyi nəticələr isə iddiaları ilə üst-üstə düşməyən Dorinel Muntyanu azərbaycanlı həmkarından daha "zirək tərpənsin". Hər halda rumıniyalı mütəxəssisin də istefası hazırda tam gözlənilən hadisələrdəndi".
SEVİNC XANQIZI