Futbol üzrə Azərbaycan milli komandası sabah – sentyabrın 3-də səfərdə Rusiya yığması ilə yoxlama oyunu keçirəcək. Futbolinfo.az xəbər verir ki, bundan 6 gün sonra millimiz doğma azarkeşləri önündə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanı qəbul edəcək.
 
Saytımıza açıqlama verən millimizin sabiq məşqçisi Vaqif Sadıqov yığmamızın qarşıdakı matçlarını dəyərləndirib: "Özbəkistanla yoxlama matçında komandadan nəinki mən, heç baş məşqçinin özü də razı qalmadı. Berti Foqts bir sıra eksperimentlərə əl atmışdı. Bunu da başa düşmək olar. Bu, Rusiya və Bolqarıstanla oyunlara hazırlıq kimi qəbul olunmalıdı. Milliyə tam hazır olan futolçular dəvət olunmalıdı. Hansı futbolçularla nəticə əldə etməyin mümkünlüyünü Rusiya ilə sınaq matçında görəcəyik. Rusiya millisi Dünya Çempionatındakı uğursuzluğa görə öz azarkeşləri önündə bəraət qazanmağa çalışacaq. Fabio Kapello tərəfindən heyətə yeni futbolçular cəlb olunub. Biz bu rəqibə qarşı oyunda öz gücümüzü görə bilərik. Çox maraqlı qarşılaşma olacaq. Əsas məqam odu ki, Bolqarıstanı evdə qəbul edəcəyik. Qələbə çox vacib olduğuna görə, Rusiya ilə matçda oturuşmuş heyəti sınaqdan keçirmək lazımdı. Bu şəkildə də hazırlığı davam etdirmək lazımdı. Bütün komanda da bunu başa düşməlidi".
Shares: