"Partizan"ın Bakıya səfəri zamanı serblərə məxsus olan avtobusun şüşəsinin sındırılması "Neftçi" azarkeşlərinə baha başa gəlmişdi. Futbolinfo.az xəbər verir ki, bu işdə təqsirləndirilən "Forza Neftçi" azad azarkeş qrupunun 4 üzvü hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Saxlanılan "ağ qaralı" azarkeşlər – Sübhan Əliyev, Zamin Əliyev, Cəmil Mustafazadə və Qədir Qədirovun əməli inzibati xəta kimi qiymətləndirilib.
Əslində, belə hal ilk dəfə baş vermirdi. Rəqib azarkeşlər tərəfindən qonaq komandanın avtobusunun şüşəsinin sındırılmasının dəfələrlə şahidi olmuşuq. Ancaq bu dəfə qonaqların daha zirək tərpənməsi və məsələnin hüquq çərçivəsində həll olunması işin ciddiyətini artırmışdı. Həm də zərərçəkənin əcnəbilər olması məsələni qəlizləşdirmişdi.
Belə ki, Serbiya səfirliyi qaydaları pozanların tapılmasını və müvafiq yolla nəzarət altına alınmasını gözlədiklərini bildirmişdi. Bundan sonra da asayiş keşikçiləri tərəfindən müvafiq addımlar atılıb. Hazırda saxlanılan azarkeşlərlə görüşə icazə verilmir. Yalnız ziyarətə gələnlərin gətirdikləri qidaların onlara verilməsinə imkan yaradılıb.
Əldə etdiyimiz məlumata görə, "Neftçi" rəsmiləri də azarkeşləri ilə yaxından maraqlanır. Sadəcə, klub rəhbərliyi məsələnin mətbuatda işıqlandırılmasının tərəfdarı deyil. Maraqlıdı ki, bu fan-klub komanda rəhbərliyinə yaxınlığı ilə seçilirdi və liderlərinin saxlanılmasından sonra fəaliyyətini dondurub.