“Araz Naxçıvan” zilə qalxa bilmədi. Oxumaq istədi, cəhd etdi, köhnə bayatılardan birini təzə  aranjimanda ortaya çıxardı, amma alınmadı.
 
Mahnı o qədər uğursuz oldu ki, onu hətta internet səviyyəsindən yuxarı qaldırmaq mümkün olmadı. Sosial şəbəkədə dolaşdı, elə oradaca bombalandı, bu üzdən efir üzü görmədi, rəsmi təqdimatı, premyerası olmadı, beşikdəcə boğuldu.
 
Topaz Premyer Liqasının debütantının məlum bəyanatından bəhs edirəm. Kişilər AFFA-nı çempionatdan çıxmaqla hədələyirdi. Xox gəlir, qorxudur, gələcək oyunlar üçün güzəşt umurdular. Amma elə əvvəldən vurğulamışdıq ki, naxçıvanlıların nəinki yarışı tərk etməyə, hətta sosial şəbəkədə paylaşdıqları bəyanatı rəsmi saytında yerləşdirməyə belə cəsarəti çatmaz, çatmadı da. Hətta gündüz çıraqla axtarmağımıza baxmayaraq, klub rəsmilərindən kimsə risk edib bu barədə açıqlama da vermir. Onlar AFFA-ya da hansısa rəsmi müraciət etməyiblər.
 
Bununla belə, naxçıvanlıların etirazına da etinasız yanaşmaq olmaz. Etiraz üsulunu düzgün seçmədikləri, axırıncı sözlərini birinci dedikləri üçün bu komandanı ciddiyə alan olmadı. Lakin onların narazılıqlarına diqqət yetirmək, ciddi incələmək lazımdı. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun epizodları özünün istədiyi kimi şərh etməsi ilə deyil ki…
 
Düzdü, topun ələ dəydiyi epizodla bağlı qeydlə mən də razıyam: top həqiqətən sumqayıtlı futbolçunun əlinə dəyib sıçradıqdan sonra ələ dəymişdi və məncə, burada penalti təyin edilməməliydi. Bununla belə, bu standart həmişə nəzərə alınırmı? Təəssüf ki, yox. Elə Azərbaycan çempionatında bunun əksini göstərən onlarla fakt sadalamaq olar.
 
Naxçıvanlıların etiraz etdiyi digər epizodlarla da bağlı müxtəlif versiyalar səsləndirmək mümkündü. Ancaq o dəqiqdi ki, hətta hakim səhv edibsə də, bunun nəticəsi çempionatdan qaçmaq və ya kimisə bununla hədələmək olmamalıdı. Hər problemi daha sivil yolla həll etmək olar. Necə ki, Rəhim Həsənovla Fariz Yusifov 2-ci turdan bu yana təyinat almır. Onlar da səhvlərin (qərəzin yox haaa) qurbanı olub və cəzaları bitəndən sonra daha ağıllı olacaq, daha diqqətlə oyun idarə edəcəklər.
 
“Sumqayıt” – “Araz Naxçıvan” matçında başverənlər, eləcə də “Bakı”nın “Qarabağ”la görüşdə təyin olunan penalti ilə bağlı narazılığında oxşarlıq var. Bütün şikayətlər qapı həndəvərində reallaşan qayda pozuntuları ilə bağlıdı. Hakimlərin bu epizodlarla bağlı qınanması isə bir reallığı diqtə edir: AFFA ötən mövsüm tətbiq etdiyi sistemə qayıtmalıdı.
Diqqət yetirmisizsə, bu mövsüm oyunlara əlavə köməkçi hakimlər təyin olunmur.
 
Bilmirəm, maliyyə çatışmazlığındandı, yoxsa 6 hakimli sistemdən yavaş-yavaş dünya ali qurumlarının da imtinasındandı – hər nə səbəbdəndisə, bizdə onlara ehtiyac var. Təkcə Superkubok matçında qapı arxasında dayanmış Əliyar Ağayevin Rəhim Həsənovu böyük biabırçılıqdan qurtarmasını xatırlatmaq kifayətdi ki, bu eksperimentin uğurlu olduğunu qəbul edək. Ona görə də AFFA Hakimlər Komitəsinin əsasən gənc hakimlərə güvəndiyini nəzərə alsaq, həm onları “yandırmamaq”, həm də klubları incik salmamaq üçün indiki halda əlavə köməkçilərdən faydalanmaq lazımdı. Əks halda, hələ klubların ifasında müxtəlif üslublarda çox mahnı eşidəcəyik.
 
FƏRİD
Shares: