Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippertin AÇ-2015-in seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçiriləcək oyunla bağlı mətbuat konfransı təşkil olunub. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis öncə hazırkı vəzifəsindən ayrılmaq istədiyini deyib:
 
“Artıq AFFA rəhbərliyi ilə bu haqda danışmışam. U-21 millisindəki vəzifəmi başa vururam. Ya seçmə mərhələ başa çatdıqdan sonra, ya da ilin sonunda bu postu tərk edəcəm. Bu qərarı verməyimin iki səbəbi var: Birincisi xeyli müddətdi komandaya rəhbərlik edirəm. Elə oyunçular var ki, hələ U-17-də də mənimlə birgə çalışıblar. Bu gün Azərbaycanda yaxşı məşqçilər var. Onların da yolunu açmaq lazımdı. İkinci səbəbə gəlincə isə, işlərim çoxdu. Bildiyiniz kimi, idman direktoru kimi də çalışıram. İşlərim həddindən artıq çoxdu. Başqa layihələrim də var ki, onları reallaşdırmaq üçün vaxta ehtiyacım var. Eləcə də, PRO kateqoriyalı məşqçi kurslarına nəzarət edirəm. Həmçinin 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatına ev sahibliyi edəcəyik. Bütün bu işlərin öhdəsindən gəlmək asan deyil. 6 ildən artıqdı ki, U-21 komandasını çalışdırıram. Bura yeni gələndə bir jurnalist mənə dedi ki, komanda 8 ildi qələbə qazana bilmir. Amma biz arxada qalan müddətdə 4 dəfə qələbə qazanmışıq. Mənim əsas işim yaxşı nəticə qazanmaq yox, əsas komanda üçün futbolçu yetişdirməkdi. Bu gün milli ilə Moskvaya yollanan futbolçulardan 16-sı U-21-dən çıxıb. Bu futbolçular Cavid Hüseynov, Rauf Əliyev, Maksim Medvedyev, Ruslan Abışov, Əfran İsmayılov və başqalarıdı. Gözləməzdim ki, onlar əsas komandaya bu qədər tez düşə. Onların yetişdirilməsində təkcə mənim yox, əsas millinin baş məşqçisi Berti Foqtsun da rolu böyükdü". 
 
Lippert vaxt azlığından İsrailə qarşı oyuna yaxşı hazırlaşa bilmədiklərini deyib: "Hazırlaşmaq üçün vaxtımız çox az oldu. Bəzi futbolçular komandaya hələ dünən qoşulublar. Bu gün isə oyunöncəsi məşqimiz olacaq. Belə qısa müddətdə komandanı taktiki cəhətdən hazırlamaq çox çətindi”.
 
O, azərbaycanlı məşqçilərdən kimi öz postunda görmək istəməsini açıqlamayıb: "Ola bilər ki, mənim də fikirimdə kimlərsə var. Amma bu vəzifəyə kimisə təyin etmək, yaxud azad etmək işinə AFFA baxır. Bunu fərdi şəkildə deyə bilərəm, amma mətbuat, ictimaiyyət qarşısında yox".
 
Təcrübəli çalışdırıcı Azərbaycan futbolunun mövsüd problemlərindən də söhbət açıb: "Maraqlı sualdı. Uşaq futbolu üçün infrasturukturu yaxşılaşdırmaq lazımdı. Klublar daha çox əsas komanda üçün çalışır və dərhal uğur qazanmaq istəyirlər. Bu da uşaq futbolunun diqqətdən kənar qalmasına şərait yaradır. Amma yaxşı meydançalar, məşqçilər təşkil edərək. Bu sahəni irəlilədə bilərlər. Amma onlar legionerlərə üz tutur. Almaniya klubları ən azından büdcənin 10 faizini uşaq futboluna ayırırlar. Klublar bu dediklərimi etsələr, mənim də gördüyüm işin nəticəsi olar".
 
Lippert "Mirhüseyn Seyidov açıqlamasında U-21-də çıxış etmək istəmədiyini dediyi üçün onu yığmaya çağırmadınız?" sualına isə belə cavab verib: "Biz arzuları reallaşdırırq".
Shares: