"Qarabağ"ın qapıçısı Fərhad Vəliyevin futbolinfo.az saytına müsahibəsi
 
– Uzun müddətdən sonra Ağdama getdiz. Təəssüratlarınızı bölüşmənizi istərdik…
– Ağdamda bizim gəlişimizi çoxdan gözləyirdilər. Ölkə çempionluğunu yaşadıq. Daha sonra Avropa Liqasının qrupuna vəsiqə qazanmaq sevincimizi ikiqat artırdı. Futbolçuların çoxu millidə olduğu üçün Quzanlıya az futbolçu getmişdi. Buna baxmayaraq, gedib azarkeşlərimizlə görüşdük. Rəhbərlik, futbolçular və məşqçilər korpusu ilə ağdamlı tərəfdarlarımıza sevinc hissi yaşatdıq. İnşallah, gələcəkdə də çalışacağıq ki, onları sevindirək.
 
– Sizi Ağdamda gözlədiyiniz kimi qarşıladılrarmı?
– Əlbəttə. Çox yaxşı qarşıladılar. Sağ olsun ki, Ağdam icra başçısı, hər cür şəraiti yaratmışdı. Biz istəyirdik ki, Ağdama tam heyətlə yollanaq. Rəhbərliyimiz də Ağdamda qeyd etdi ki, gələcəkdə stadion bərpa olunandan sonra, bəzi oyunlarımızı Quzanlıda keçirəcəyik.
 
– Bakıda keçirilən çempionat oyunlarına elə də çox azarkeş gəlmir. Ancaq Quzanlıdakı oyunlarda tribunalar tam dolurdu. Stadion bərpa olunduqdan sonra əksər ev oyunlarınızın Quzanlıda keçirilməsi sizin üstünlüyünüz ola bilərmi? Yoxsa yol yorğunluğu sizə problem yaradacaq?
– Biz əvvəllər də orada oynamışıq. Azarkeşlər doğrudan da bizə yaxşı dəstək olurdu. Quzanlıda olan hazırkı şərait bizim ora getməyimizə imkan vermir. İnşallah, gələcəkdə şərait yaxşı olandan sonra rəhbərliyin də qeyd etdiyi kimi, xahiş edəcəyik ki, ev oyunlarımızın bəzilərini orada keçirək. Bu, rəhbərlikdən asılıdı. Rəhbərlik nə desə, o da olacaq. Buna baxmayaraq, Avroliqa oyunlarında stadion tam dolur. Azarkeşlər bizə yaxşı dəstək olurlar. Ancaq çempionat oyunlarında belə deyil. Quzanlıda isə bütün stadion dolurdu.
– Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağı necə bacardız?
– Neçə illərdi ki, pley-off mərhələsinin qapısını döysək də, içəri keçə bilmirdik. Şükürlər olsun ki, bu il bizə qismət oldu. Mən "Qarabağ"sevərlərin hər birini bu münasibətlə təbrik edirəm. Hər il əzmkarlıq göstərirdik. Uzun illərin əməyin nəticəsini bu il gördük. Çalışacağıq ki, bundan da daha yaxşı nailiyyətlər qazanaq.
 
– "Qarabağ"ın üzərində ciddi təzyiq var idi. Hər kəs bildirir ki, Ağdam klubu bu heyətlə qruplarda çıxış etməlidi. Sizə bu təzyiqlərin köməyi oldu?
– Pley-off mərhələsində zəif komanda yox idi. Təzyiqlər hər il olduğu kimi, bu il də var idi. Mütəxəssislər bu halda olan "Tvente"ni keçməyə məcbur olduğumuzu bildirirdi. Ancaq oyunlar da göstərdi ki, işimiz asan olmadı. Sadəcə, bizim istəyimiz daha çox idi.
 
– Buna qədər "Qarabağ"ın pley-off mərhələsindəki püşkatmada bəxti gətirmirdi. Daima güclü rəqiblərlə qarşılaşırdız. Bu dəfə isə əvvəlki "Tvente" ilə 5 il sonrakı klub arasında çox fərq var idi. Demək olarmı ki, məhz bu dəfə bəxtiniz gətirdi?
– Bu, 5 il öncəki "Tvente" deyildi. Buna baxmayaraq, Hollandiya klubunun heyətində U-21-in futbolçuları çox idi. Oyunlar da göstərdi ki. "Tvente" asan rəqib deyildi. "Qarabağ" xüsusi əsmkarlıq göstərdi.
 
– Qrup mərhələsindəki rəqiblərinizi necə dəyərləndirirsiz?
– Mən deyərdim ki, yaxşı qrupa düşdük. Rəqiblərimiz ciddi, güclü komandalardı. Amma biz heç bir rəqibdən çəkinmirik. Çalışacağıq ki, maksimum nəticə qazanaq. Qrupdan çıxacağımızı isə gələcək göstərəcək. Qarşıdakı oyunlarda "Qarabağ" asan məğlub olmayacaq. Hər bir komanda ilə yaxşı oyun nümayiş etdirəcəyik.
 
– Ölkə çempionatında 3 turdan sonra cəmi 2 xal toplaya bilmisiz. Bu, arxayınlığın, yoxsa yorğunluğun nəticəsidi?
– Başımız bir az Avroliqaya qarışdı. Düşünürəm ki, yaranan fasilə bizə yaxşı tərəfdən təsir göstərəcək. Qarşıdakı oyunlarda çalışacağıq ki, itirilən xalları bərpa edək. Doğrudan da 3 oyuna 2 xal yaxşı nəticə deyil. Avroliqanın əsas oyunlarını keçirmişik. Fikirimizi bundan sonra çempionata yönəltmişik. Mənə elə gəlir ki, getdikcə sıxıntı aradan qalxacaq.
 
– İki cəbhədə mübarizə aparmaq çətin olmayacaq?
– Əlbəttə çətin olacaq. Biz bu məsuliyyəti bilirik. İnşallah, hər bir oyuna yaxşı hazırlaşmağa çalışacağıq. Bu, bizim üçün böyük təcrübə olacaq. Bizim kollektivimiz bu yükün altından çıxmağı bacarar.
 
– Uzun müddətdi əsas heyətdən uzaq qalmısız. Hətta gənc futbolçulardan yığılmış "Bakı" ilə oyunda da baş məşqçi sizi ehtiyatda saxladı. Heyətə düşə bilməməyinizin səbəbi nədi?
– Mən də belə oyunlarda meydana çıxacağımı gözləyirdim. Bu, məşqçinin qərarıdı. Biz də hörmətlə yanaşırıq. İşimiz futbol oynamaqdı, hazırlaşmaqdı. Oynadın, yaxud da oynamadın, əsas olan komandanın uğurudu. Düşünürəm ki, marofon uzun olduğu üçün gələcək oyunlarda çıxış edərəm. Qarşıda bizi gərgin oyunlar gözləyir. Qapıçı olaraq hər an meydana çıxa bilərəm. Bunun üçün həvəsdən düşmək lazım deyil.
 
– Doğrudanmı İbrahim Şehiç "Qarabağ"da bir nömrədi?
– Şehiç yaxşı və təcrübəli qapıçıdı. Öz oyunları ilə sübut edir ki, komandaya xeyri dəyir. Əl-ələ verib, çalışırıq ki, komandaya kömək edək.
 
– Buna qədər də "Qarabağ"ın legioner qapıçıları olub. Şehiçi onların ən yaxşısı adlandırmaq olar?
– Ümumi götürəndə gələn legioner qapıçıların ən yaxşısı Şehiçdi. Əvvəlki qapıçılar da təcrübəli idi. Ola bilər ki, onların çıxışı uğurlu alınmadı. Şehiç isə tez bir zamanda komandaya uyğunlaşa bildi.
 
– Ehtiyatda qalmağınız milliyə yolunuzu da bağlayır. Qışda klubunuzu dəyişməyi fikirləşmirsiz ki?
– Düzdü, futbolçu oynamayanda millidən də uzaq düşür. Ancaq klubdan ayrılmağı düşünmürəm. Bir neçə ildi ki, "Qarabağ"ın şərəfini qoruyuram. Bu klub mənə əzizdi, ailə kimidi. Buna görə də buradan ayrılmağı düşünmürəm.
 
– Yəqin ki, karyeranızı da "Qarabağ"da başa vurarsız?
– Bəli, belə bir fikirim var. Düşünürəm ki, elə karyeramı "Qarabağ"da başa vurum.
 
– Milli komandamızın qarşıda Rusiya ilə yoldaşlıq, Bolqarıstanla isə rəsmi matçı var. Millidən necə oyun gözləyirsiz?
– Rusiya ilə matç Bolqarıstanla oyuna hesablanmış qarşılaşma olacaq. Baş məşqçi bu oyunda qərar verəcək ki, bolqarlara qarşı kimi oynatsın. Millini əsas Bolqarıstanla oyun düşündürür. İnanıram ki, ayın 9-da yığma qələbə qazanacaq. Ümidimiz böyükdü. Bütün rəqiblərimizə qarşı Bakıda layiqli mübarizə göstərib, onları məğlub edə bilərik.
 
EMİN SƏFƏROV
Shares: