Rusiya millisinin baş məşqçisi Fabio Kapello millimizlə yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis çətin oyun keçəcəyini deyib:
"Komandamızın kapitanı Vasili Berezutskinin də dediyi kimi, Azərbaycan yığması ilə oyun çətin olacaq. Bu komanda inkişaf edib, nəticələrini yaxşılaşdırıb. Sabahkı oyunda 6 əvəzetməyə icazə veriləcək. Mən də bundan istifadə edərək, milli komandada daha az çıxış edən, yaxud etməyən futbolçulara şans verməyə çalışacam. Azərbaycan və Lixtenşteynlə oyunda məni maliyyə məsələləri maraqlandırmır, mən daha çox gələcək yetirmələrim barədə düşünürəm".
O, jurnalistlərin start heyətini öyrənmək cəhdlərini də boşa çıxarıb: "Start heyəti indidən açıqlamaq istəmirəm. Bunu əvvəla futbolçular bilməlidi. Amma istəyirsinizsə start heyətdə olacaq bir oyunçunun adını çəkə bilərəm – Akinfeyev"
Qeyd edək ki, Rusiya – Azərbaycan qarşılaşması sabah "Ximki Arena"da keçiriləcək.