Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki sınaqçı rəqibi Rusiya olacaq.
Bəribaşdan qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Rusiya iki dəfə də dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olub. Öncə DÇ-2010-un seçmə mərhələsi çərçivəsində – 2009-cu il martın 28-də Moskvada baş tutan qarşılaşmada meydan sahibləri 2 cavabsız qolla qalib gəlmişdilər. Həmin ilin 14 oktyabrında Bakıda keçirilən görüşdə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı və Vaqif Cavadovun vurduğu möhtəşəm qol sayəsində millimiz ruslara böyük zərbə vurmuşdular.
Elə DÇ-2014-ün seçmə mərhələsində də bu komandalar eyni qrupda yer alıblar. Moskvadakı ilk qarşılaşmada ruslar yalnız son dəqiqələrdəki penalti qolu sayəsində minimal hesablı qələbəyə sevinmişdilər. Ötən il oktyabr ayının 15-də Bakıda baş tutan cavab görüşündə isə millimiz bu rəqibi ilə yenə 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Yoxlama oyunları çərçivəsində isə bu komandalar ilk dəfə üz-üzə gələcəklər. Əvvəlki dörd qarşılaşmada statistika rusların xeyrinədi. 2 qələbə qazanmış şimal qonşularımız millimizə qələbə sevinci yaşamağa imkan verməyiblər. Topların fərqində də millimiz geridədi – 2:5. Amma ümid edək ki, yoxlama oyununda yığmamız qələbəyə sevinən tərəf olacaq. Baxmayaraq ki, oyun bir qayda olaraq uduzduğumuz Moskvada baş tutacaq.
Rusiya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 23-cü yeri tutur. Rəqib sonuncu dünya çempionatının iştirakçısıdı. Bir sözlə komandamızı çox ciddi sınaq gözləyir. Ən azından ona görə ki, ruslarla müqayisədə FİFA reytinqindəki mövqeyinə əsasən millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 73-cü pillədə qərarlaşıb) xeyli geridədi. Amma bu, Rusiya ilə görüşdə heç bir şansımızın olmadığı anlamına gəlməməlidi.
Rusiya millisinə italiyalı mütəxəssis Fabio Kapello başçılıq edir. 67 yaşlı məşqçi 2012-ci ildən etibarən bu yığmanı çalışdırır. 1987-ci ildən məşqçilik edən mütəxəssis Rusiyadan öncə İngiltərə millisində də işləyib. O, həmçinin İtaliyanın “Milan”, “Roma”, “Juventus” klublarında, İspaniyanın “Real” komandasında da çalışıb.
Azərbaycan millisinin bu günkü matçı həm də 2014-cü ildə 4-cü oyunu olacaq. Yığmamız bu il hələ rəsmi oyun keçirməyib. Mart ayında Dubayda Filippinə 1:0 hesabıyla qalib gələn futbolçularımız mayda San-Fransiskoda baş tutan görüşdə ABŞ millisinə 2 cavabsız qolla uduzmuşdu. Avqustun 20-də Bakıda baş tutan Özbəkistanla qarşılaşma isə 0:0 hesabıyla başa çatmışdı.
Rusiya ilə oyun yığmamızın AÇ-2016-nın seçmə mərhələsi öncəsi son sınağıdı. Bu ayın 9-da komandamız Bakıda yeni tsiklin açılış oyununda Bolqarıstanı qəbul edəcək. Ona görə də baş məşqçi Berti Foqts Moskvadakı görüşdə məhz qarşıdakı rəsmi oyun üçün heyəti müəyyənləşdirməyə çalışacaq. Bolqarlarla görüş öncəsi Moskvada qazanılacaq müsbət nəticə və ya sərgilənəcək yaxşı oyun komandamızı daha da ruhlandıra bilər. Odu ki, ruslarla qarşılaşma komandamız üçün kifayət qədər vacib əhəmiyyət daşıyır.
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 207-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 38-də qələbə qazanmışıqsa, 56-da da heç-heçə ilə təsəlli tapmışıq. 112 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 146 qol vurduğumuz halda, öz qapımızdan 348 top çıxarmışıq.
Yoxlama oyunu
3 sentyabr
20:00. Azərbaycan – Rusiya
Baş hakim: Rövşən İrmatov (Özbəkistan).
Moskva. “Ximki Arena”.