21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert ötən gün AÇ-2015-in seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında komandadakı vəzifəsindən ayrılacağını açıqlayıb. Futbolinfo.az saytı olaraq, idman mediasının nümayəndələrinin almaniyalı mütəxəssisin bu qərarına münasibətini öyrəndik. Bilmək istədik ki, onlar Lippertin uzun müddət ərzində yığmamızdakı fəaliyyətini necə qiymətləndirirlər və ondan sonra bu posta yerli, yoxsa əcnəbi məşqçinin gəlməsinin tərəfdarıdırlar:
Tanınmış təcrübəli jurnalist və "Qəbələ" qəzetinin əməkdaşı Mehman Süleymanov bu qərarın gözlənilməz olmadığını deyib: "Əvvəla, Lippertin postundan gedəcəyi şəxsən mənim üçün gözlənilməz olmadı. Hər halda, hadisələrin gedişi bu seçmə mərhələnin onun üçün sonuncu olacağını göstərirdi. Əslində, U-21 hələ 2000-ci ilin əvvəllərindən ən ağrılı yerimizdi və Lippertin vaxtında da bu, özünü göstərdi. Aşağı yaş qruplarından ibarət yığmalarımız arasında rəsmi oyunlarda ən az qələbəsi olan məhz bu komandadı. Təbii ki, nəticəyə görə əsas məsuliyyəti baş məşqçi daşıyır. AFFA Lippertə yetərincə etimad göstərdi. Özü də nəzərə alaq ki, o, ölkəmizdə işləməyə Berti Foqtsdan da əvvəl – 2008-ci ilin fevralından gəlib və 7-ci ildi fasiləsiz çalışır. Lippert də gördü ki, nəticə verə bilmir, müqaviləsi uzadılmayacaq və seçmə mərhələ bitməmiş gedəcəyini açıqladı. Ona Azərbaycan futboluna gələn ilk almaniyalı mütəxəssis kimi böyük ümidlər olsa da, bunlar özünü doğrultmadı. Hər halda, Lippert nə U-21-də, nə də bunadək çalışdığı U-19-da nəticə qazana bildi.
İkincisi isə indiki vəziyyətdə U-21-ə yeni əcnəbi mütəxəssisin gətirilməsini məqsədəuyğun saymıram. Çünki ona da yeni məşqçi kimi uyğunlaşmaq üçün uzun müddət vaxt vermək lazım gələcək. Ancaq U-21-in təcrübəli mütəxəssislərimizdən birinə tapşırılması daha düzgün addım olardı. Yeri gəlmişkən, həmin yerli məşqçi gələcəkdə, yəni Foqtsdan sonra millinin yeni çalışdırıcısına namizəd də ola bilər. Sadəcə, hələ ki əsas yığmanın baş məşqçisinin almaniyalı olduğunu nəzərə alsaq, sistem baxımından Foqtsun həmyerlilərindən birinin təyinatını gözləmək olar".
Sportal.az saytının rəhbəri Emin Abbasov isə Lippertin azərbaycan futboluna ziyan vurduğunu deyərək, hətta onun əvəzinə namizədlərlə bağlı öz təklifini də irəli sürüb: "Mən həmişə demişəm, yenə də deyirəm: Lippertin Azərbaycan futbolunda olması, bizim U-21 yığmamıza rəhbərlik etməsi futbolumuzun adına xəyanət idi. Çünki Lipperti gətirib, o posta qoyanlar bilməli idilər ki, bunun sonu bir şey olmayacaq. Bu adam Azərbaycan futboluna nə verib? Heç nə. Uzun illərdir işləyir. Ancaq U-21-də yox, aşağı yaş qruplarında işləyəndə də heç bir nəticə əldə edə bilməmişdi. Ona görə də, hesab edirəm ki, bu hadisə daha tez baş verməli idi. Məncə, ictimai qınaq olmasaydı, Elxan Məmmədov onu işdən çıxarmayacaqdı. Əslində, elə bütün almanlar kimi, onun da havadarı Elxan Məmmədovdu. Bilmirəm, marağı nə idi. Amma görünən o idi ki, Məmmədov onu orada qoruyur. Haradasa, ictimai qınaq çoxaldı, nəticəsizlik baş aldı deyə, onu vəzifədən kənarlaşdırmaq qərarına gəldilər. Hesab edirəm ki, heç düşünmədən U-21 yığmasını yerli məşqçisə vermək lazımdı. Bizim yerli uşaqların potensialına azərbaycanlı məşqçilər daha yaxşı bələddilər. Azərbaycanlı deyəndə də, bir az iddialı məşqçi olmalıdı. Misal üçün, mən yerli uşaqların potensialına yaxşı bələd olan və onlarla işləməyi bacaran məşqçi kimi, Mirbağır İsayevi deyərdim. Yəni U-21 yığmasını ona vermək olar. Digər variant kimi, Vaqif Paşayevi təklif edərdim. Bu insanların potensialından istifadə etmək və millini mütləq bu iki şəxsdən birinə vermək lazımdı. Belə olan təqdirdə də, nəticə özünü çox gözlətməyəcək".
Azerisport.az saytının baş redaktoru Vüqar Zeynalov da yerli məşqçilərin komandamıza daha çox töhvə verəcəyini bildirib: "Mən Lippertin işinə 5 xallıq sistemlə 3 verərdim. Onun yerinə yerli məşqçi olsa, daha yaxşı olar. Çünki gənc futbolçularla bizim məşqçilər işləsə, yaxşıdı. Hərçənd ki, yeni məşqçi əsas millimizin baş məşqçisi Berti Foqtsla da dil tapmalı və komandanı onun üslubunda qurmalıdı".
"Xəzər TV"-nin aparıcısı Sənan Abdullayev də yerli məşqinin tərəfdarıdı: "Lippert Azərbaycanda gördüyü hörməti, pulu, şəraiti bundan sonra heç yerdə görməyəcək. O ki qaldı işə, onun haqda danışacaq bir şey yoxdu. Lippert əməyinin yox, day-dayının sayəsində bu qədər çox qaldı. Azərbaycanda yaxın bir neçə il üçün yerli məşqçi qoymaq lazımdı. Ta ki, həm U-21-ə düşən futbolçular, həm də əsas millidəki məşqçilər korpusu bu komandaya "ehtiyat təkər" kimi baxmayanadək. Bəli, U-21 əsas milliyə kömək etməlidi. Bizdə isə bu komanda Berti Foqtsun qul bazarıdı. Nə zaman ki, U-21 özünə milli komanda kimi hörmət qazanacaq (Avropadaki kimi), o zaman oraya əcnəbi təyin etmək olar".
ELMAR VƏLİYEV