Topaz Premyer Liqasının növbəti turunda bütün diqqətlər "Neftçi" və "Xəzər Lənkəran" arasında baş tutacaq "Böyük oyun"a yönələcək. Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmanın prinsipiallığını artıran amillərdən biri də hər iki tərəfin azarkeşlərinin bir-biri ilə yola getməməsidi.
Artıq həm cənublu, həm də bakılı azarkeşlər bir-birinə əzəli rəqib kimi baxır. Elə bu rəqabətdən irəli gələn səbəblərə görə ötən mövsüm (2013-cü il avqustun 25-də) Lənkəranda baş vermiş "Böyük oyun"da yerli və qonaq azarkeşlər arasında toqquşma olmuşdu. Nəticədə hər iki tərəfin azarkeşlərindən bir neçəsi həbs olunmuşdu. Məhz elə bu ixtışaşa görə AFFA İntizam Komitəsi qonaq fanatların səfər matçında iştirakına qadağa qoymuşdu. Qurumun qəbul etdiyi qərardan sonra qonaq azarkeşlər səfər matçında komandasını dəstəkləməkdən məhrum olmuşdu.
Həmin qərarın müddəti başa çatdığında sözügedən məsələ ilə bağlı AFFA-da yenidən müzakirələr başlayıb. Assosiasiyanın ötənilki qadağanın bu mövsümə də şamil olub-olunmayacağını yaxın günlərdə rəsmən açıqlaması gözlənilir.
Son vaxtlarda bu iki komandanın arasında ciddi bir problemin olmadığını nəzərə alsaq, qonaq fanatların səfərə yollanmasına əngəl yaradılmayacağı da istisna deyil. Bu məsələ ilə bağlı lənkəranlı azarkeşlərin də fikirlərini öyrəndik. Fanatlar ötənilki qadağanın yeni mövsüm də tətbiq olunacağını düşünmür.
Ramal Novruzov ("Caspian Ultras" fan-klubun rəhbəri) : "Böyük oyun"a xüsusi olaraq hazırlaşırıq. Digər matçlardan fərqli olaraq, qarşıdakı matça bir az üstün şəkildə hazırlıqlarımızı davam etdiririk. Bu oyunda da həmişəki kimi iştirak edəcəyik. Yenidən qonaq azarkeşlərin iştirakını əngəlləyəcək qərarın olmayacağını düşünürük. Ötən mövsüm olan qərar çempionatın sonuna qədər idi. Hər kəs həmin qadağanın sona çatdığını düşünür. İnanırıq ki, bu, təkrar olunmayacaq. Yenidən belə bir qərar qəbul etsələr, fan-klub tərəfindən hansı addım atacağımızı götür-qoy edəcəyik".
Rəvan Bəşirov ("Fırtına" fan-klubun rəhbəri): “İlk öncə matça mühafizəçilər, polislər hazırlaşsın. Daha sonra fanatlar hazıraşıb, ölkə futbolunda töhfə verər. Qonaq azarkeşlər hər zaman ev sahibinin fanatlarından çox olub. İstər qadağa olsun, ya da olmasın. Ötən mövsümdə verilən qərarın yenidən təkrarlanacağını düşünmürəm. Mənə elə gəlir ki, belə bir şeyin baş verməməsi üçün ilk önə klub rəhbərləri bu işə bir əncam çəkməlidi. Fanatlar arasında çox şey olar. Bütün dünyada futbol oynanılır və hər yerdə də fanatların bir-birinə sərt reaksiyası olur. Tək azərbaycanda deyil ki? Bizdə olan nədi ki? Fanat azarkeş deyil. Azarkeş sakit oturub futbola baxır. Düzdü, fanatlar oyuna gəlmək istəyirlər. Əlindən gəldiyi qədər hamı stadiona keçməyə çalışacaq. İmkan verməyəndən sonra arenaya necə keçə bilər? Elə stadion var ki, içəri keçmək olur, eləsi də var ki, bu, mümkünsüzdü. Konkret olaraq deyim ki, fanatları bezdirirlər. Camaatın işi-gücü qurtarıb. Futboldakı problemləri qurtarıb, düşüblər fanatların problemlərini həll etməyə. Bunu özləri üçün etmirlər ki. Sadəcə, istəyirlər ki, başları dinc olsun. Bütün dünyada futbol həm biznes, həm də idman növü kimi fanatların üzərində qurulub. Bizdə də deyirlər ki, başımız ağırımasın. Haçan futbola, fanata dəyər verərələr, onda da fan-klublar oturub nəsə düşünər. Bu, birtərəfli deyil ki. Bütün dünyada futbol fanat xatirinə oynanılır. Pul da onlardan qazanılır. Bizdə nə fanat xatirinə oynayan var, nə də ondan pul qazanan".
EMİN SƏFƏROV