Avqustun 6-dan Azərbaycan çempionatının birinci divizionunda 2014-2015 mövsümünə start veriləcək. Futbolinfo.az saytı olaraq aşağı liqada çıxış edən komandaların vəziyyəti ilə tanış olduq və onların yeni mövsümə nə dərəcədə hazır olmalarını və məqsədlərini öyrənməyə çalışdıq.
"Neftçala"nın baş məşqçisi Kamal Quliyev yeni mövsümə 80 faiz hazır olduqlarını və məqsədlərinin çempionluq olduğunu dedi: "Buraya baş məşqçi təyin olunduqdan sonra mən seleksiya xarakterli məşqlərə başladım. Həmin prosesdən sonra futbolçuları tanıdım, oyunlarına bələd oldum. Komandam çempionata 80 faiz hazırdı. Bunu oynadığımız yoxlama görüşləri və təlim-məşq toplanışları zamanı müşahidə etdim. Məqsədimiz çempionluqdu. Hazırda komandamda heç bir problem yoxdu. Komandamda olan futbolçular öz istəkləri ilə qalanlar və gələnlərdi. Məqsədimizə çatmaq uğrunda heyətdə olan futbolçularımıza güvənirəm. İnanıram ki, komanda şəklində qarşıda olan məqsədə catacağıq".
"Mən birinci divizionda yeniyəm, amma belə baxanda və ötən mövsümdəki çıxışlarını da nəzərə alanda "Ağsu", "Zirə", "Şahdağ" kimi, komandalarla çətin mübarizə olacaq. Yeni mövsümə hazırlıq çərçivəsində "Şahdağ"la həm evdə, həm də səfərdə yoxlama oyunu keçirdik. Gördüm ki, burada meydança amili də var ki, oyunçularımızın səviyyəsini bərabərləşdirə bilər. Hesab edirəm ki, bütün oyunlara eyni motivasiya və güclə çıxsaq, məqsədimizə nail olacağıq".
"Rəvan"ın baş məşqçisi Ramil Əliyevdə hazırlıq səviyyəsinin yaxşı olduğunu və Premyer Liqaya vəsiqə qazanmaq üçün vuruşacaqlarını dedi: "Yeni mövsüm üçün hazırlıqlara iyunun 23-ü start verdik. 11 yoxlama matçı keçirdik. Həmin oyunların 5-də qalib gəldik, 4-də uduzduq, 3-də heç-heçəmiz oldu. Məğlub olduğumuz həmin 4 komandadak ikisi Premyer Liqa təmsilçisi, AZAL və "Sumqayıt" idi. Seleksiya işimiz də yaxşı alındı. O məsələyə çox həssas yanaşdıq. 23 nəfərdən ibarət komanda yığmışıq. Məqsədimiz də bəllidi. Premyer Liqaya vəsiqə qazanmaq istəyirik. Fikirimcə, biz bunu bacararıq. Normal heyət yığmışıq. Komandamızda həm cəvan, həm də təcrübəli futbolçular var. Bu ayın 6-ı ilk oyunumuza çıxacağıq, komandaya əlavələr gözlənilmir".
"Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayev hazırlığın normal olduğunu və gələcək üçün futbolçular yetişdirmək istədiklərini bildirdi: "Vəziyyət yaxşıdı. İlk oyunumuza hazırlaşırıq. Qələbə ilə qayıtmalıyıq. Cavan komandayıq. Belə baxan da, hər şey normaldı. Hazırlıqlarımız yaxşı keçib. Məşqlərimiz Qusarda oldu. Qırağa çıxa bilmədik. Hesab edirəm ki, başqa yerə getməyə də ehtiyac yox idi. Burada sərinlikdi deyə, məşqlərimiz burada oldu. Məqsəd məsələsinə gəldikdə isə, hər oyun qalib gəlsək, çempion da ola bilərik. Əsas məqsədimiz uşaqları yaxşı hazırlamaqdı. Çalışacağıq ki, onlar inkişafa doğru getsin. Bəlkə də, çox şey məndən asılıdı… Meydançada mübarizə aparan 11 nəfərdə. Onlardan çox şey asılıdı. Birinci divizionda 16 komanda mübarizə aparır. Onların 15-i də bizim üçün çətin rəqibdi".
Premyer Liqada iştirakı son anda təsdiqlənən "Bakı"nın farm klubu "Lokomotiv"in baş məşqçisi Novruz Əzimov isə digərlərinə nisbətən, narazı danışdı. O, problemlər səbəbindən xeyli sayda futbolçularını itirdiklərini və yeni mövsümə çox zəif hazırlaşdıqlarını deyib: "Keçən ilki heyətdən komandanı 15 nəfər tərk edib. Son vaxtlara qədər də birinci divizionda iştirak edib-etməyəcəyimiz məlum deyildi. Amma sonrada məlum oldu ki, iştirak edə biləcəyik. Ona görə də həmin vaxtdan, bu həftənin birinci günündən məşqlərə başlamışıq. Yəni bir həftə ərzində hazırlaşırıq. Bu ayın 6-da da ilk oyunumuza çıxacağıq. Demək olar ki, hazırlığımız çox aşağı vəziyyətdədi. Çünki vaxtımız az oldu. Bütün bunlara baxmayaraq çalışacağıq ki, normal çıxış edək və get-gedə komandada irəliləyişə nail olaq. Həmin o komandanı tərk edənlərin yerini doldurmaq üçün müxtəlif yerlərdən, öz məktəbimizin futbolçularından istifadə edirik. Həmin seçim hələ də davam edir, sabah yekunlaşacaq. Çünki sabah sifarişin axırıncı günüdü. Əsas məqsədimiz də odu ki, gələcək üçün yaxşı futbolçular yetişdirək. Əsas məqsəd budu. "Lokomativ" ayrı, "Bakı" ayrı bir klubdu, ancaq bir yerdə məşq edir. Komandamızdan 6 nəfər əvəzedici və əsas heyətə keçib. 9 nəfər də komandamızı tərk edib. İstəyirik ki, komandamızda olan futbolçular itməsin. Gələcəkdə özlərini yaxşı göstərsələr, irəli getmək şansları var".