Bu gün Azərbaycanın U-21 yığması AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Bakıda İsraillə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bir neçə dəqiqə sonra başlayacaq qarşılaşmanın iştirak ərizəsində millimizin heyətindəki futbolçulardan biri xüsusi diqqət çəkir.
Bu, ehtiyat oyunçular arasında yer alan qapıçı Maksim Vaylodu. Maraqlıdı ki, AFFA bir neçə gün öncə U-21-in İsrail və Portuqaliya ilə oyunlar üçün heyətini açıqlayanda bu futbolçunun adı siyahıda göstərilməmişdi. İndi birdən-birə Vaylonun yığmamızın rəsmi oyununun iştirak ərizəsində yer alması təəccüb doğurmaya bilməz. Çox güman ki, futbol təsərrüfatımızın rəhbərliyi bu oyunçunu da müxtəlif bəhanələrlə "bişirərək" milliləşdirib. Halbuki, Kiyev "Dinamo"sunun U-21 komandasında çıxış edən bu ukraynalı qolkiperin Azərbaycanla hansısa bağlantısının olmasından söhbət gedə bilməz. Lakin ən böyük təəccüb doğuran məqam AFFA-nın bu oyunçunu çox gizli şəkildə üzə çıxarmasıdı.