Azərbaycan çempionatları tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub. Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Vüqar Nadirov yubiley 40-cı qolunu vurmaqla ilk “50-liy”ə daxil olub.
Topaz Premyer Liqasının 7-ci turunun “Neftçi” ilə oyununda (3:1) komandasının sonuncu qolunun müəllifi olan 27 yaşlı yarımmüdafiəçi “40”a 4 klubun heyətində çatıb. “Qarabağ”da 26-cı dəfə fərqlənən Nadirov bu komanda üçün 9 mövsümdə rəqib qapılarına yol tapıb: 2001/02 – 2, 2003/04 – 3, 2004/05 – 4, 2009/10 – 2, 2010/11 – 1, 2011/12 – 2, 2012/13 – 5, 2013/14 – 5, 2014/15 – 2. “Karvan”da 6 (2008/09), “Xəzər Lənkəran”da 5 (2005/06 – 3, 2006/07 – 2) dəfə fərqlənən Vüqar “Masallı”nın 3 (2007/08) qoluna imza atıb.
40 qol vuran Nadirov Azərbaycan çempionatları tarixində ən çox qol vuran 49-cu oyunçu adına şərikdir. Junivan Suares, Fernando Peres, Samir A.Məmmədov və Mehman Allahverdiyev də eyni qədər qola sevinib. Buna 271-ci çempionat oyununda nail olan hücumçu hazırda Premyer Liqada çıxış edən oyunçular arasında yalnız ikisindən, AZAL-da çıxış edənlər – Rəşad Abdullayev (46) və Viktor İqbekoyidən (43) geri qalır.
Qeyd edək ki, “Neftçi” ilə oyunda daha bir futbolçu – Riçard Almeyda da yubiley qoluna imza atıb. Braziliyalı Azərbaycan çempionatlarında 20-ci dəfə fərqlənib.
(PFL)