Futbol üzrə Azərbaycan yığma komandasının məşqçisi Mahmud Qurbanovun futbolinfo.az saytına müsahibəsi:
– Sizcə, Vaqif Cavadovla Mahir Şükürovun milliyə dəvət almamasının səbəbi nədi?
– Berti Foqts hazırda Bakıda deyil. Heyəti belə göndərib. Hələ ki, heç bir məlumatım yoxdu.
– Ümumiyyətlə sizə tapşırıq verirlərmi ki, legioner həyatı yaşayan futbolçularımızın oyunlarını canlı izləyəsiniz?
– Biz hələ bu vaxta qədər gedib, Türkiyə çempionatının oyunlarına baxmamışıq. Ölkə çempionatındakı oyunlara baxırıq. Amma hərdən internet üzərində oynuları izləyirik. Hərdən oynayırlar, hərdən də oynamırlar.
– Belə çıxır ki, futbolçular milliyə virtual olaraq çağırılır?
– Türkiyədə oynayan futbolçular elə də çox deyil. Azərbaycanda olan futbolçular isə nəzarətdədi. Onlara baxmaq imkanımız var. İmkan daxilində oyunlara gedib, baxırıq. Almaniyada olan futbolçulara köməkçi məşçqilər baxır. Milliyə heç kim virtual çağırılmır. Vaqifin də, Mahirin də hamı nəyə qadir olduğuna bələddi.
– Türkiyə çempionatında çıxış edən yetərincə futbolçumuz var. Onların oyununu canlı izləmək üçün sizə şərait yaradırlar?
– Bizim fikirimiz də var ki, bundan sonra qardaş ölkənin çempionatında gedib, baxaq. Rəhman Hacıyev pis çıxış etmir. Olimpiya yığmasında da özünü yaxşı tərəfdən göstərdi. Cavid İmamverdiyevin potensialı da yaxşıdı. Kənardan oynayan futbolçular hamının nəzərindədi. Yığmaya dəvət almağa namizəddilər. Onlar Türkiyədə başdı başına qalmayıblar.
– Bilirik ki, Premyer Liqa oyunlarının çoxuna baxırsınız. Milliyə dəvət almayan futbolçulardan daha çox hansının oyununu bəyənmişdiniz?
– Kim ki, özünü yaxşı tərəfdən göstərir o da çağırılır. Düşünmürəm ki, kimsə qıraqda qalır.
– Məlumdu ki,Vüqar Nadirov, Ağabala Ramazanov və Məhəmməd Qurbanov son oyunlarda özlərini yaxşı tərəfdən göstərdiyi üçün milliyə dəvət alıb. Amma Ufuk Budakın hansı əasalarla yığmaya çağırılması sual yaradır…
– Düzdü, sadalanan futbolçular özlərinin yaxşı tərəfdən göstərdiyi üçün yığmaya çağırılıblar. Amma bizdə elə mövqe var ki, ora futbolçu çatışmır. Digər futbolçuların çağırılması baş məşqçinin işidi. Bizim legioner futbolçuları izləmək imkanımız hələ ki yoxdu.
– Maliyyə baxımından imkanınız yoxdu, yoxsa necə?
– Xeyr. Maliyyə ilə bağlı deyil.
– Rəhbərlik qarşısında bununla bağlı məsələ qaldırmısınız?
– Bizim onsuz da belə bir fikirimiz var idi ki, gedib, oyunlara canlı baxaq. Mənə elə gəlir ki, AFFA-dan heç kim əngəl olmayacaq. Bizim üçün şərait yaradılacaq.
– Almaniyanın aşağı dəstələrində çıxış edən futbolçuların da oyunlarına Berti Foqtsun köməkçiləri baxır?
– Vallah, deyə bilmərəm. Bəlkə də canlı baxırlar. Onlar almaniyada yaşayır və orada olan futbolçulardan məlumatları var.
– Qeyd etdiniz ki, yaxın gələcəkdə Türkiyədə çıxış edən futbolçularımızın oyununu canlı izləmək istəyiniz var. Bu yaxın gələcək hansı tarixə hesablanıb?
– Norveçlə oyuna qədər belə bir planımız var. Ya mən, ya da Aslan Kərimov gedəcək.
– Sizə elə gəlmir ki, bu, Norveçlə oyuna qədər gec olacaq?
– Heç vaxt heç nə gec olmur. Siz nə barədə deyirsiniz?
– Yəni qarşıdakı oyunlarda həmin futbolçular milliyə xeyir verə bilər…
– Yenə deyirəm, kim xeyir verirsə, o da yığmaya çağırılır. Türkiyəyə getmək problem deyil.
EMİN SƏFƏROV