Hədəfdə Xaqani Məmmədovdu. Artıq “Neftçi”yə kömək etməkdən boyun qaçıran AFFA Hakimlər Komitəsinin sədri…
Bəri başdan deyim ki, Xaqani bəy aydan arı, sudan duru deyil. Onun təkcə məşhur qatar əhvalatı üzündən hakimlik karyerasını bitirməsini xatırlatmaq kifayətdi. Ancaq indi dövran ayrı, şərtlər başqadı.
Dünən ölkə telekanallarında gedən futbola aid verilişləri izlədikdən sonra bir daha əmin oldum ki, “Neftçi” çox böyük qüvvədi və istəsələr, bütün kanalları “Neftçi” TV-yə çevirə bilərlər. Paytaxt klubunun müşaviri Elnur Əşrəfoğlunun ideya müəllifi, yaradıcısı, bir müddət aparıcısı, istədiyi vaxt qonağı, həlledici məqamlarda eksperti olduğu bir verilişdə isə əzələ nümayişi var idi. Bəri başdan deyim ki, adını çəkmədiyim həmin verilişin çox dəyər verdiyim, obyektivliyinə şübhə etmədiyim aparıcısı var. Amma musiqini “Neftçi” sifariş verəndən sonra onun da nəsə etməyə imkanı olmur, gücü yalnız öz simasını qorumağa çalışır və buna da nail olur.
“Neftçi” bu dəfə tam haqlı idi. “Qarabağ”la son oyunda hakimlər briqadası bakılıların haqqını yedi, onlara qarşı ədalətsiz oldu. Ancaq buna görə özünü zorlanmış kimi göstərməyə lüzum varmı? Biz səhvdən danışırıq, qərəzdən yox. Belə səhvlər isə hər yerdə, həmişə olur. Olmamalıdı, ancaq olanda da bundan şou düzəltmək lazım deyil. O vaxt şikayətlənməyin yeri olar ki, bunlar davamlı və birtərəfli olsun. “Neftçi”yə qarşı ardıcıl səhvlərə isə heç kimin cəsarəti çatmaz. Yox, əgər heyət yetərsizliyini, klub idarəçiliyindəki problemləri bununla sığortalamaq istəyirsizsə, başqa məsələ.
Görəsən, Əşrəfoğlunun və onun təbliğat dəstəsinin hakimlikdən danışanda vicdanı sızlayırmı? Bu gün haqlıdılar, amma bəlkə bir neçə il öncəyə boylanaq? “Neftçi”nin şübhəli çemionluqlarının sıralandığı 3 ildə neçə fit sahibi karyerasını məhz bakılılara kömək etdiyi üçün başa vurmalı oldu? Anar Salmanovdan başlayıb, Əfqan Həmzəyevlə davam etdim, saydım-saydım, iki əlin barmaqları yetmədi. İndi Orxan Məmmədov, Əliyar Ağayev, Rəhim Həsənov sözə baxmır deyə, onları qaralayıblar. Bu hakimlər ya onlara xidmət edərək məhv olmalıdı, ya da oyunlarına təyinat almadan.
“Neftçi” rəsmiləri şikayət edir ki, niyə bizim oyunumuza Məmmədov təyinat alır? Ona görə ki, siz sifariş verirsiz. Sifariş verirsiz ki, Əliyar Ağayev olmasın, Rəhim Həsənov olmasın, dostumuz Fariz Yusifov olsun və s. və i. Belədə AFFA da özü seçim edir. “Neftçi”nin oyunlarına təyinatı cəhənnəmə bilet alıbmış kimi qəbul edən hakimlər də ya təzyiqə davam gətirməyib bakılılara kömək edir, ya da həyəcandan inanılmaz səhvlər edir.
Hədəfdə Xaqani Məmmədovdu. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun müşaviri yeni plan cızır. Növbəti çempionluqların taleyini oyunlar başlamamış həll etmək üçün Hakimlər Komitəsinin sədrini dəyişmək istəyirlər. Artıq Məmmədov onlara sərf etmir. Ya verilişdə yanlarında oturtduqları Asim Xudiyevi, ya da sabiq vitse-prezident Tahir Süleymanovu bu posta təyin etdirmək niyyətləri var. Bəlkə başqa namizədləri də var, amma bu iki şəxs vaxtilə Xaqani bəylə eyni dövrün FİFA referiləri olub, onların təyinatına ümid bəsləyirlər.
Əşrəfoğlunun müraciət forması, təbliğat kampaniyası da sovetvaridi. Keçmiş “çekistlər” kimi o, məqsədli davranır, AFFA rəhbərliyinin gördüyü müsbət işləri qabardır, onları tərifləyir, sonra zəif bənd kimi Hakimlər Komitəsini göstərir. Bu adamın səmimiliyinə inanardım, əgər dünən təriflədiyi baş katib Elxan Məmmədov haqqında cəmi bir ay əvvəl tənqidi danışmasaydı, onu işini bilməməkdə ittiham etməsəydi; bu adamın səmimiliyinə inanardım, əgər dünən təriflədiyi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi “Neftçi”yə müşavir gələnədək ağ yuyub qara sərməsəydi, onun haqda öz imzası ilə “Azərbaycan futbolunun Hürrəm sultanı” yazısını yazmasaydı.
Məqsədin qulunu çevrilmə, əziz həmkar, məqsədi quluna çevir. Bu gün haqlı ola bilərsən – hakim səhv edib, – amma sabah “Neftçi”yə kömək ediləndə də səni efirdə görmək istərəm.
Shares: